Fotos
Muzeydə “Gülləbatmaz köynək” haqqında elmi seminar məşğələsi keçirilib
Yan 24 , 2023 | 03:50 / Müsahibələr, çıxışlar
Oxunma ( 561 )

24 Yanvarda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Gənc Alim və Mütəxəssislər Şurasının növbəti elmi seminar məşğələsi keçirilib. Pənahəli xanın anadan olmasının 330 illik yubileyi ilə əlaqədar muzeyin “Ədəbi mərasimlər və nəşrlər” şöbəsinin əməkdaşı Zarema İbrahimova Qarabağ xanlığı və Şuşa qalasının əsasını qoymuş Pənahəli xan Cavanşirin həyat və mübarizə yolu haqqında ətraflı izahat aparıb. Nizami muzeyinin XVIII əsr Azərbaycan ədəbiyyatı və tarixi mərhələsini təqdim edən ekspozisiya zalında baş tutmuş seminar məşğələsi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Dövrün ədəbi, siyasi mühitini, tarixi şəxsiyyətlərini yaşadan zalın nadir eksponatlarından sayılan “Gülləbatmaz köynək” haqqında geniş məlumat verilib. İzahatçı, Qarabağın ilk hakimi Pənahəli xana məxsus olmuş bu köynəyin  spesifik xüsusiyyətlərindən, üzərində nəfis formada yazılmış duaların əhəmiyyətindən bəhs edib. Zarema İbrahimova çıxışında Qarabağın xanlıq inzibati idarəçiliyini siyasi-hərbi hadisələr kontekstində təqdim edərkən dövrün Əfşar nəslinə mənsub xan sülaləsi, Şəki xanı Hacı Çələbi xan, Kərim xan Zənd və digər tarixi şəxsiyyətlərin  fəaliyyəti, siyasi görüşləri haqqında  maraqlı faktları diqqətə çatdırıb. Seminar məşğələsi “Ekspozisiyanın qorunması, izahı və audio müşaiyətin təmini” şöbəsinin müdiri Tomiris Babanlı, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Dilbər Hüseynova, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva, Natəvan Bağırova və digərlərinin sual və çıxışları ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.