Fev 01 , 2023 | 11:18 / Mühüm hadisələr
Fevralın 1-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva 1997-ci ildən etibarən 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd olunduğunu, bu tarixin, ümumiyyətlə ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Heydər Əliyevin gənc nəslin inkişafına davamlı qayğı göstərdiyini söyləyən akademik G.Baxşəliyeva qeyd edib ki, Ulu Öndər ölkənin inkişafını birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı və gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltmişdi.
Dövlətin gənclər siyasətinin bu gün Ümummilli Liderin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırıldığını deyən akademik G.Baxşəliyeva ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin nəticəsində bu gün vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gəncliyin formalaşdırıldığını vurğulayıb.
Tədbirdə akademik G.Baxşəliyeva İnstitutun elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə gənc əməkdaşlar Aygül Mirzəyevaya və İbrahim Bağırova Şərqşünaslıq İnstitutunun Fəxri Fərmanlarını təqdim edib.
Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, institutun Din və ictimai fikir şöbəsinin müdiri vəzifəsini icra edən, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu, Ümummilli Liderin prezidentliyi dövründə ölkə gənclərinin onun diqqət və qayğısını daim öz üzrlərində hiss etdiklərini deyib.
1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirildiyini xatırladan Elnur Mustafayev Azərbaycanda uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini, hazırda 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyasının uğurla icra olunduğunu vurğulayıb, bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclərin yetişdiyini, onların elm, mədəniyyət, səhiyyə, sənaye, idman və digər sahələrdə uğurlu nailiyyətlər əldə etdiyini bildirib.
İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova çıxış edərək Ulu Öndər Heydər Əliyevin gənclərə qayğısından, gənclərin ölkəmizin ictimai-siyasi həyatında, elmimizdə səmərəli rolundan danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.