Fev 01 , 2023 | 11:30 / Mühüm hadisələr
Yanvar ayının 30-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təşkilatçılığı ilə Gənclər gününə həsr olunmuş “Heydər Əliyev irsinin davamçıları - Müasir Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.
Tədbirin məqsədi Azərbaycanın işıqlı gələcəyinin qarantı olan intellektual, sağlam təfəkkürlü, vətənpərvər gənclərin fəaliyyət yolunda onlara bələdçilik edən Heydər Əliyev irsinin, ideyalarının təbliğidir.
İlk olaraq çıxış üçün söz rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilova verilib. Çıxışına gəncləri təbrik edərək başlayan Namiq Cəlilov daha sonra qeyd edib ki, dövlətimizin gənclər siyasətinin əsas məqsədi məhz gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını artırmaq, ölkənin gələcək inkişafında məsuliyyətini yüksəltməkdən ibarətdir. Hələ ötən əsrin 70-ci illərində Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda yeni tədris ocaqları, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Ulu Öndərin diqqət və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlər göstərirlər.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Aparılan uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial gücə çevrilib.
Alim bildirib ki, gənclərimiz müxtəlif sahələrin inkişafında lokomotiv rolunu oynamaqla yanaşı, 44 günlük Vətən müharibəsi zamanı başqa xalqlara örnək ola biləcək əsl vətənpərvərlik nümayiş etdirdilər. Həqiqətən də, qazandığımız böyük zəfərə yüksəksəviyyəli ordu quruculuğu, xalqımızın dövlət başçısıyla sarsılmaz birliyi ilə yanaşı, məhz gənclərimizin vətənpərvərliyi sayəsində nail olunmuşdur. Təqdirəlayiq haldır ki, bu gün də hər bir gənc Milli Ordumuzun sıralarında xidmət etməyi özü üçün ən şərəfli vəzifə hesab edir.
Sevindirici haldır ki, milli vətənpərvərlik hər bir Azərbaycan gəncinin həyatının əsas prinsipidir. Biz bunu ötən ilin sonunda Şuşa-Xankəndi yolunda başlayan və hazırda davam edən etiraz aksiyasında da gördük. Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə keçirilən dinc aksiya iştirakçılarının əksəriyyəti məhz gənclərdir. Gənc ekofəallar, 50 gündür ki, şaxtalı havada yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər. Onlar aksiyaya qoşulan digər iştirakçılarla birgə mədənlərin qanunsuz istismarı, ekoloji terrora son qoyulması tələbi və vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər. Öz təşəbbüsləri ilə həmin əraziyə gedən gənclərimiz ölkəmizin rifahı ilə bağlı hər bir çağırışa hazırdırlar. Həmin ərazidə çəkdikləri foto və videoları paylaşaraq haqq səsini dünyaya çatdırırlar. Bu fakt gənclərimizin hər yerdə və ümummilli məsələlərdə öndə olduğunun bariz nümunəsidir. Azərbaycan gəncləri hər zaman öz Prezidentinin, dövlətinin yanındadır.
Tədbirin açılış çıxışından sonra Heydər Əliyev irsinin, gənclər siyasətinin tətbiqi ilə Azərbaycan gənclərinin yerli və beynəlxalq uğurlarını ehtiva edən video-çarx nümayiş olunub.
Sonra çıxış üçün söz Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənovaya verilib. Aynurə Həsənova da öz növbəsində gəncləri təbrik edib. Daha sonra isə Azərbaycan gəncliyinin cəmiyyətin aparıcı qüvvəsi kimi oynadığı roldan danışıb. O, bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxmışdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib, həmin vaxtdan etibarən Azərbaycan gəncliyinin yeni erası başlayıb və gənclərin fəaliyyəti daim dövlətin diqqət mərkəzində olub. Ölkəmizdə dövlət gənclər siyasəti sahəsində əldə olunan uğurlar gənclərin aparıcı qüvvəyə çevrilməsinə şərait yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycanda intellektual, milli düşüncəyə sahib gənclər formalaşır və onlar ölkənin ictimai-siyasi həyatında böyük rol oynayırlar.
Növbəti çıxışçı ŞAR-ın "İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr" şöbəsinin müdiri Orxan Salehli olub. Orxan Salehli çıxışında gənclər siyasətinin aspektlərini şərh edərək, prioritetlərin həyata keçirilməsi nəticəsində gənclərin Ümummilli Lider irsini necə uğurla davam etdirməsindən danışıb. Natiq vurğulayıb ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün gənclərimiz istər idmanda, istər incəsənət sahəsində, istər elmdə, istərsə də milli kimliyin, mədəni irsin qorunmasında müstəsna rol oynayırlar. Buna misal olaraq beynəlxalq idman arenalarında qazanılan medalları, Azərbaycan musiqisinin dünyada layiqincə təmsil edilməsini, gənclərin elmi-tədqiqatlarda aktiv iştirakını, Vətən müharibəsində qazanılan qələbədəki xüsusi çəkisini qeyd etmək olar.
Hazırda ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Eyni zamanda gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan gənclərin uğurlu fəaliyyətinə təkan verir. Bu gün əminliklə deyə bilərik ki, vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclərimiz Ulu Öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin siyasi fəaliyyətini dəstəkləyir, daha qüdrətli Azərbaycan uğrunda əzmkar fəaliyyətini davam etdirməkdədirlər.
Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Aysel Rüstəmova Vətən müharibəsində gənclərin əvəzsiz rolundan danışıb. Qeyd edib ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Bütün sahələrdə qabaqcıl olan Rəsədxana gəncləri 44 günlük Vətən müharibəsində də fəal iştirak etmişdir. Kiçik kollektiv olmağımıza baxmayaraq 6 əməkdaşımız Vətən müharibəsi iştirakçısı olmuş, orden və medallarla təltif olunmuşlar.
Aysel Rüstəmova çıxışımı Müzəffər ali baş komandanın Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda etdiyi çıxışdan kiçik bir hissə ilə yekunlaşdırıb - "Bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik".
Son olaraq rəsədxananın astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm "Gənclər və elm" mövzusunda məruzə ilə çıxış edib. Çıxışçı bildirib ki, son illər ölkə iqtisadiyyatı ilə yanaşı, elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunub. Elm və təhsil sahələrində alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət alıb.
Gənclərin ictimai və siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri, yaradıcı gənclərin problemləri və yeni layihələri, gənclərin idarəetmə sferasına cəlb edilməsi, gənclərin xaricdə təhsil layihələrinin dəstəklənməsi və həyata keçirilməsi, beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər müzakirə olunur, müvafiq qərarlar qəbul edilir. Bütün bunlar gənclərin problemlərinin bilavasitə həlli üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan dövləti gənclərin elmə marağının artırılması və onlara dövlət qayğısının gücləndirilməsi istiqamətində bir sıra ı mühüm işlər görmüşdür. Bu işlər sırasına həm dövlət səviyyəsində qəbul edilən proqramları, həm də şəxsən ölkə Prezidentinin imzaladığı fərman və sərəncamları aid etmək olar. Belə ki, məsələn Azərbaycan Prezidentinin 21 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə məqsədi Azərbaycan elminin inkişafına dəstək olan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılmışdır. Fondun yaradılmasından sonra elmin inkişafı üzrə milli Strategiyanın həyata keçirilməsi, "Azərbaycan elmində islahatların aparılması" ilə bağlı dövlət proqramı müəyyən edildi. Bundan sonra, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara fundamental elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradıldı, ölkənin ali məktəblərindəki perspektivli gənc tədqiqatçıların AMEA-da xüsusi proqram əsasında təkmilləşdirilməyə cəlb olundu, elmin İnkişaf Fondu çərçivəsində elmdə gənc kadr potensialının gücləndirilməsi daha da sürətləndi.
Beləliklə, hər bir ölkədə gedən mənfi və müsbət proseslər insan amili ilə sıx əlaqədardır. Davamlı və hərtərəfli inkişafın etibarlı yolu - dünya standartlarına uyğunluq elm və təhsilə daha çox diqqətdən keçir. Dövlət tərəfindən Azərbaycan gənclərinin inkişafı və özünütəsdiqə yönəlmiş mühüm işlər həyata keçirilmiş və keçirilir. Hər bir azərbaycanlı gəncin borcu isə onun inkişafı üçün yaradılan imkanlardan maksimum istifadə edərək öz xalqına, dövlətinə, vətəninə yararlı olmaq məqsədilə öz üzərində işləməkdir.
Tədbirin sonunda elmi və elmi-təşkilati fəaliyyətdə fərqlənən ŞAR gənc alim və mütəxəssisləri diplom və sertifikatlarla təltif olunub.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası