Fotos
Rəsədxananın təşkilatçılığı ilə "Beynəlxalq Qadınlar və Qızlar Elmdə Günü"nə həsr olunmuş konfrans keçirilib
Fev 14 , 2023 | 02:10 / Mühüm hadisələr
Oxunma ( 608 )

Fevralın 13-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı, İdarəetmə Sistemləri İnstitutu (İSİ), Biofizika İnstitutu və Radiasiya Problemləri İnstitutunun dəstəyi ilə A.Rəhimov adına 247 nömrəli tam orta məktəbdə "Beynəlxalq Qadınlar və Qızlar Elmdə Günü"nə həsr olunmuş "Qadınların elmdə xüsusi çəkisi: Yeni imkanlar və perspektivlər" adlı konfrans keçirilib. 

Konfransın məqsədi qadınlar və qızların elmdə iştirakını təşviq etmək, onların elm və texnologiyanın inkişafındakı rolunun əhəmiyyətini vurğulamaqdır. 

İlk öncə Türkiyədə baş vermiş zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra konfransın açılış çıxışı üçün söz 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasovaya verilib. 

Sitarə Abbasova nitqində əvvəlcə "Beynəlxalq Qadınlar və Qızlar Elmdə Günü"nün tarixçəsi və əhəmiyyəti ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assembleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə fevralın 11-i "Beynəlxalq Qadınlar və Qızlar Elmdə Günü" elan edilib və günün əsas hədəfi 2030-cu ilə qədər dayanıqlı inkişafa nail olmaq üçün sağlamlıq və iqlim dəyişikliyi istiqamətlərində fəaliyyət göstərən yeni istedadlar yetişdirməkdir. Sitarə Abbasova qadın və qızların təhsil, elm və texnolji sahədə peşəkar karyera əldə etmələrini təşviq etməyin, o cümlədən gender bərabərsizliyini aradan qaldırmaq üçün beynəlxalq səviyyədə səy göstərilməsinin vacibliyini vurğulayıb. O, bildirib ki, son 15 ildə bu sahədə böyük nailiyyətlər əldə edilməsinə baxmayaraq qızlar və qadınlar hələ də təhsil almaqda müxtəlif maneələrlə qarşılaşırlar. Lakin müasir dövrdə qadınların elmə inteqrasiyası üçün açılan yeni imkanlar və perspektivlərin köməkliyi ilə bu maneələri də aşmaq mümkündür.

Ölkəmizdə bu sahədə görülən tədbirlər, dövlət tərfindən göstərilən diqqət və qayğı fonunda qadınların elmdə, təhsildə, eləcə də texnoloji sahələrdə iştirak payının günü-gündən artdığını bildirən Sitarə Abbasova, daha sonra tədbir iştirakçılarına öz uğur hekayəsindən - əzmi və qətiyyəti sayəsində aşdığı maneələrdən və hazırkı peşəkar fəaliyyətindən danışıb. 

Daha sonra konfransda öz uğurlu elmi fəaliyyəti ilə fərqlənən gənc alimlər - ŞAR GAMŞ-ın sədr müavini Aysel Rüstəmova "Azərbaycan tarixinə işıq saçan qadınlar", İSİ GAMŞ-ın sədri Lamiyə Nəcəfova "İKT sahəsi və qadınların elmdə müstəsna rolu", Biofizika İnstitutu GAMŞ-ın sədri Mətanət Baxışova "Nobel mükafatı laureatı qadınlar" və ŞAR GAMŞ-ın sədri Aynurə Həsənova "Kosmosu fəth edən qadınlar" mövzusunda maraqlı çıxışlarla yadda qalıb.

Aysel Rüstəmova Azərbaycanın müxtəlif elm sahələrində təmsil olunan uğurlu qadınlarından bəhs edib. O, Azərbaycan SSR-nin əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Aida xanım İmanquliyeva, Azərbaycanın ilk milli kinoaktrisası, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki,texnika elmləri doktoru, Azərbaycan Əməkdar Elm və Texnika Xadimi İzzət Orucova, Kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik), "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi Rəfiqə Əliyeva, Akademik, tarix elmləri doktoru, kino məsləhətçisi və Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru Püstəxanım Əzizbəyova, Azərbaycan alimi, tarixçisi və şərqşünası, tarix elmləri doktoru, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Sara Aşurbəyli, Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Zəhra Quliyeva, Azərbaycanın yazıçısı, Azərbaycan Əməkdar Mədəniyyət İşçisi Xalidə Hasilovanın keçdiyi şərəfli elm yolundan danışıb. Çıxışın sonunda natiq, gənclərə tanınmış qadın elm xadimlərimizin uğur hekayələrini öz elmi fəaliyyətlərində məşəl etmələrinin vacibliyini vurğulayıb. 

Sonra İSİ GAMŞ-ın sədri Lamiyə Nəcəfova İnformasiya Kommunikasiya Texnologiyaları sahəsinin inkişafında qadınların oynadığı aparıcı roldan, bu istiqamətdə uğur qazanmaq üçün gənc xanımlara vacib olan şəxsi və peşəkar keyfiyyətlərdən, eləcə də son illərdə proqramçı, IT mühəndisi peşələrində çalışan qadınların yüksəlişindən danışıb. Hazırda IT sahəsi üzrə əmək bazarındakı gender balansının statistikasını diqqətə çatdıran Lamiyə Nəcəfova son illərdə bu statistikanın müsbət istiqamətdə dəyişdiyini diqqətə çatdırıb və tədbir iştirakçıları arasındakı gənc xanımların bu istiqamətdə özlərini inkişaf etdirmək üçün çağırış edib.

Daha sonra Biofizika İnstitutu GAMŞ-ın sədri Mətanət Baxışova elmin zirvəsi sayılan Nobel mükafatı laureatı qadınlardan danışıb. Bildirib ki, həmin mükafat təsis olunduğu vaxtdan bu günədək mükafatçılar arasındakı 61 qadın elm xadimi olmuşdur. Bu rəqəm o elmi ictimaiyyətdə olan gender disbalansının bariz göstəricisidir. Lakin həmin 61 qadının etdiyi kəşflərin elmə verdiyi töhfələr qadınların elmdə iştirakının vacibliyini bir daha sübuta yetirir.

Son olaraq konfransda ŞAR GAMŞ-ın sədri Aynurə Həsənova çıxış edib. O, qeyd edib ki, hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri məhz keyfiyyətli təhsildir. Respublikamızda elmin sürətlə inkişaf etməsi, güclü elmi potansialın üzə çıxması xalqımızın olduqca böyük nailiyyətidir. Təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil isə, qızların sahib olduğu təhsil səviyyəsidir. Məhz buna görə sürətlə dəyişən dünyamızda qızların da təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara uyğun olmalıdır. Gələcək nəsillərin təhsilli yetişməsini istəyiriksə, xüsusən qızların təhsilinə önəm verməliyik. Dünya təcrübəsi onu göstərir ki, yaxşı təhsil almış qızlar istənilən sahədə uyğurlu fəaliyyət göstərə bilər.

Günün anlam və önəmini ifadə edən fikirlərin ardınca Aynurə Həsənova astronom qadınlardan - kosmosu fəth edən qadınlardan bəhs edib. Kosmonavtların həyat və fəaliyyəti haqda ümumi məlumat verən natiq sonda gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

 N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.