Apr 30 , 2023 | 02:00 / Mühüm hadisələr
Ulu Öndər 2002-ci ildə Bilik Günündə oxuduğum Suraxanı rayonundakı 275 saylı orta məktəbə gəlmişdi. Bizimlə səmimi söhbəti zamanı dediyi "Gələcəyimiz siz gənclərin əllərindədir", "Siz bizim gələcəyimizsiniz" cümlələri heç vaxt yadımdan çıxmayıb və həyat kredom olub.
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Onların milli ruhda yetişdirilməsi hər bir ölkə üçün başlıca məsələdir. Son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında onun əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində qəbul edilmiş mühüm qərarlardan biri də dövlət başçısının Azərbaycan Respublikasında "Elm Günü"nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli sərəncamı oldu. Builki "Elm Günü"ndə "İlin gənc alimi" diplomuna layiq görüldüm. Dövlətin elmlə məşğul olanlara diqqət və qayğısının rəmzi ifadəsi olan peşə bayramının təsis olunması gənclərimizə xüsusi stimul verdi.
Ölkəmizdə gənclərə göstərilən qayğını öz timsalımda bildirmək istəyirəm. Pandemiya səbəbindən ölkəmizdə Dissertasiya şuraları bir müddət fəaliyyət göstərməsə belə mən 28 yaşımda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldım. Hazırda tədqiqat işləri aparmaqla bərabər, Azərbaycan-Fransız Universitetində (UFAZ-ın) ingilis dilində fizika fənnindən mühazirə söyləyir, məşğələ dərslərini aparıram.
Bu ilin mart ayında mən tədqiqat proqramı çərçivəsində Azərbaycan-Fransız Universitetinin dəstəyi ilə Fransanın Strasburq Universitetində (Unistra) ezamiyyətdə oldum. Unistra professoru, Philipp Turekin rəhbərlik etdiyi POMAM (Proprietes Optiques et Magnetiques des Architectures Moleculaires) laboratoriyasında və Strasburqun Materiallar Fizikası və Kimyası İnstitutunda (IPCMS) tədqiqatlar apardım. Bundan əlavə, orada olan müxtəlif cihazların iş prinsipləri haqqında məlumatlar əldə etdim. Strasburq Universitetində EPR cihazı ilə tanış oldum, onun işləmə prinsipini öyrəndim və aşağı ölçülü sistemlərin bəzi xassələrini araşdırdım. Nümunəyə göndərilən elektromaqnit dalğalarının temperaturun dəyişməsindən necə təsirləndiyini müşahidə etdim və bütün məlumatları Ksenon proqramı ilə hesablayaraq mühüm nəticələr əldə etdim. Aldığım nəticələri həmin universitetin professorları Vileno Bertrand və Tureklə müzakirə etdim.
Biz gənclər cəmiyyətin ən dinamik zümrəsi kimi ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edirik. Bütün bunların hamısı Prezident İlham Əliyevin gənclərə olan diqqətinin və qayğısının nəticəsidir. İndi dövlət qurumlarında rəhbərliklər daha çox gənclərə həvalə edilir. Son dövrlərdə elm və texnikanın inkişafının sürətlə irəliləməsinin nəticəsinin biz İkinci Qarabağ müharibəsi zamanı şahidi olduq. Gənclərimiz Vətən müharibəsində şanlı qələbələri ilə xalqımıza zəfər bəxş etdilər. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük müharibədə şanlı qələbəsi göstərdi ki, indiki müasir dövrün müharibədəki qələbələri intellektual əməyin nəticələridir. Odur ki, dəqiq elmlərlə məşğul olan gənc alimlər ölkəmizin hərbi sənaye potensialının yüksəlməsi üçün var gücləri ilə çalışır, müasir dövrün ən zəruri mövzuları üzrə tədqiqat işləri aparırlar.
Bu gün Azərbaycanın müasirləşməsi, modernləşməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Bu baxımdan modernləşmə prosesində elmin rolu xüsusi əhəmiyyət kəsb edir.
Behbud İBRAHİMOV,
Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru