May 04 , 2023 | 11:42 / Mühüm hadisələr
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc tədqiqatçı” jurnalının 2023-cü il üçün nəzərdə tutulan ilk buraxılışı işıq üzü görüb.
Jurnalın bu sayı xüsusi buraxılış kimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Nəşrdə ölkənin müxtəlif elmi müəssisə və təşkilatlarında təhsil alan doktorant, dissertant, magistrant və elmi işçilərin məqalələri yer alıb.
Qeyd edək ki, jurnal AMEA Rəyasət Heyətinin qərarı ilə 2015-ci ildən nəşr edilir. “Gənc tədqiqatçı” jurnalı Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli iclasının qərarı ilə pedaqogika elmləri istisna olmaqla, qalan bütün elmlər üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmişdir. Jurnal artıq ildə 4 dəfə olmaqla (biri ingilis dilində) çap olunacaq. Jurnala məqalə qəbulu elektron formada ilboyu davam edir və 3 dildə – Azərbaycan, rus və ingilis dillərində hazırlanmış məqalələrin qəbulu həyata keçirilir. Jurnalın tələb, qaydaları və yeni sayı ilə gencalimler.az saytından tanış ola bilərsiniz.