İyn 19 , 2023 | 01:23 / Mühüm hadisələr
16 may 2023-cü il tarixdə Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin kiçik elmi işçisi Samirə Rəhimli “NGC 3516 Seyfert qalaktikasının 2016-2022-ci illərdə fotometrik monitorinqi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda Seyfert qalaktikası NGC 3516-nın 2017-2022-ci illərdə fotometrik müşahidəsinin nəticələrini şərh edib. O, bildirib ki, müşahidə dövrü ərzində qalaktikanın parlaqlığının artması və azalması qeydə alınmışdır. Birinci alışmada parlaqlığın artması 16.05.2018-ci il (JD2458255) tarixdə BVRcIc süzgəclərində, uyğun olaraq 0,42; 0,30; 0,06 və 0,12 ulduz ölçüsü civarında olmuşdur. 15.06.2018-ci il (JD2458295) tarixdə isə NGC 3516 qalaktikasının parlaqlığnın xeyli zəifləməsi müşahidə olunmuşdur. Zəifləmənin amplitudu BVRcIc süzgəclərində, uyğun olaraq 0,39; 0,28; 0,04 və 0,04 ulduz ölçüsü tərtibində olmuşdur.
İkinci alışma 10.07.2022-ci il (JD2459771) tarixdə müşahidə olunmuş və parlaqlaşmanın amplitudu BVRcIc süzgəclərində, uyğun olaraq 0,43; 0,36; 0,103 və 0,27 ulduz ölçüsü civarında olmuşdur. Müşahidə dövrü ərzində qalaktikanın parlaqlığının dəyişməsi xaotik olmuşdur.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.