Fotos
Elm və təhsilin inteqrasiyasiyasına həsr olunmuş tədbir keçirilib
Okt 26 , 2023 | 10:32 / Mühüm hadisələr
Oxunma ( 557 )

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) dəstəyi və Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə “Orta ümumtəhsil məktəblərində elm və təhsilin inteqrasiyası, şagirdlərin ölkədaxili və beynəlxalq layihələrdə iştirakı” mövzusunda tədbir keçirilib. Tədbirdə 20 nömrəli məktəb liseyin rəhbərliyi və müəllim heyəti ilə yanaşı, Elm və Təhsil Nazirliyinin N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR), Azərbaycan Milli Elmlər Akademiyasının N. Gəncəvi adına Ədəbiyyat İnstitutu, İ. Nəsimi adına Dilçilik İnstitutu, Biofizika İnstitutu, H. Əliyev adına Coğrafiya İnstitutunun  əməkdaşları da iştirak ediblər.

Tədbiri 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva açaraq iştirakçıları salamlayıb və şagirdlərin elmi istiqamətdə inkişaf etməsində bu kimi tədbirlərin rolunu yüksək qiymətləndirib. O bildirib ki, elm və təhsilin inteqrasiyası birbaşa müasir zamanın tələbidir. Dəyişən dünyanın yeni çağırışlarına uyğun olaraq inkişafı şərtləndirən başlıca amil məhz birgə koordinasiyalı fəaliyyətin qurulmasıdır. Buna misal olaraq, ŞAR ilə 20 nömrəli məktəb lisey arasındakı əməkdaşlıq çərçivəsində xüsusi hazırlıq keçmiş şagirdlərin müxtəlif layihə və yarışlarda əldə etdiyi nailiyyətləri qeyd edən E. Ağayeva, fundamental elmin bütün sahələri üzrə anoloji əməkdaşlıqların qurulmasısının elmi tərəqqiyə rəvac verəcəyini bildirib.

Açılış nitqindən sonra elmi sessiya elmi-populyar çıxışlar fonunda öz işinə başlayıb. Elmi sessiyada ŞAR-ın əməkdaşı astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə “Orta təhsil müəssələrində beynəlxalq və yerli qrant layihələri”, ŞAR GAMŞ sədri Aynurə Həsənova “Təhsil verənlər üçün beynəlxalq təcrübə və bilik mübadiləsi imkanları”, AMEA GAMŞ-ın sədr müavini filologiya üzrə fəlsəfə doktoru, eyni zamanda Ədəbiyyat İnstitutunun  böyük emi işçisi Şəfa Əliyeva“Təhsil və ədəbiyyat”,  Dilçilik İnstitutu GAMŞ-ın sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Orucova “Dünya dillərində müşahidə olunan proseslər”, ŞAR GAMŞ-ın sədr müavini Samirə Rəhimli “Astronomiyanın prioritet tədqiqat sahələri, məktəblilər üçün astronomiya”, Biofizika İnstitutu GAMŞ-ın sədri Mətanət Baxışova“Sağlam və xərçəng hüceyrə membranları arasındakı fərqlər”, Coğrafiya İnstitutu GAMŞ-ın sədr müavini, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Abuşova “Qarabağda ərazinin istifadəsində relyefin təsirinin tədqiqi” mövzuları üzrə məruzə ilə çıxış ediblər. Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışların yekununda “Gələcəyin alimi” layihəsi üçün şagirdlərin maraq dairələrinə uyğun olaraq məktəblilərdən ibarət bir neçə qrup formalaşdırılıb. Təşəbbüsün məqsədi məktəblilər arasında elmin təbliği, şagirdlərin elmə təşviqi, onların müxtəlif yerli və beynəlxalq layihələrdə iştirakı üçün hazırlanmasında birgə fəalliyyətin təşkilidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.