Noy 03 , 2023 | 06:00 / Mühüm hadisələr
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin əməkdaşı astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə “Beynəlxalq konfranslara tezislərin hazırlanması və göndərilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda beynəlxalq konfranslara tezislərin hazırlanması zamanı vacib məqamları seminar iştirakçılarının diqqətinə çatdırıb. Keyfìyyətli konfrans materialları və məqalələrin hazırlanma qaydaları, plagiat və onlara qarşı mübarizə, uğurlu tədqiqat işlərinə yazılan məqalə və konfrans materiallarının nüfuzlu jurnallarda dərc olunması mərhələləri, məqalələrə qoyulan tələblər, məqalələrin yazılması metodologiyası, məqalələri yazarkən tələblərə uyğun olaraq beynəlxalq elmi bazalardan istifadə qaydaları, aprobasiya olaraq qəbul edilə bilən konfranslar və məqalələr haqqında məlumat verib. O bildirib ki, hər bir gənc tədqiqatçının əsas göstərici meyarı onun əsərlərin beynəlxalq arenada çap olunması və bu əsərlərə, tədqiqat işlərinə beynəlxalq indeksləşmiş bazalarda verilən istinadların sayıdır. Bu baxımdan beynəlxalq konfranslar və impakt faktorlu jurnallarda nəşrlər mühüm əhəmiyyət kəsb edir.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.