Fotos
Rəsədxana əməkdaşları Qazaxıstanda elmi ezamiyyətdə olub
Dek 05 , 2023 | 01:57 / Mühüm hadisələr
Oxunma ( 950 )

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) Sədri Aynurə Həsənova və “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin kiçik elmi işçisi, ŞAR GAMŞ Sədr müavini Samirə Rəhimli Qazaxıstanın Almatı şəhərində ezamiyyətdə olublar.

Səfərin məqsədi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə Qazaxıstan astronomları arasında elmi əməkdaşlığın genişləndirilməsi, birgə elmi fəaliyyət, kadr hazırlığı və təcrübə mübadiləsini özündə ehtiva edir.  

Ezamiyyət dövründə əməkdaşlarımız Əl-Farabi Qazax Milli Universitetinin “Fizika və Texnologiya” fakültəsi tərəfindən 20 noyabr – 3 dekabr 2023-cü il tarixlərində keçirilən “Astronomik müşahidə materiallarının IRAF vasitəsilə emalı və analizi” adlı qış məktəbində iştirak ediblər. Qış məktəbi çərçivəsində onlar Universitetdə tətbiq edilən astronomik materialların müasir üsullarla emalı metodikaları və analiz üsullarının öyrədilməsi məqsədilə kurslara cəlb olunublar.

“Fizika və Texnologiya” fakültəsinin daxili seminarında Aynurə Həsənova “HD208501(B8Ib) ifratnəhəng ulduzu atmosferində qeyri-stasionar proseslər”, Samirə Rəhimli isə “NGC3516 Seyferd qalaktikasının fotometrik tədqiqi” mövzusu üzrə məruzə ilə çıxış ediblər. Çıxışların yekununda mövzular ətrafında geniş diskussiya aparılıb, iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, elmi ezamiyyət müddətində ŞAR əməkdaşları Qazaxıstanın V.Q.Fesenkov adına Astrofizika İnsitutuna və Tien Şan Astronomiya Rəsədxanasına da səfər ediblər.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.