Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Dek 15 , 2023 | 02:24 / Mühüm hadisələr
Oxunma ( 295 )

Dekabr 15-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti genişləndirilmiş astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin elmi işçisi Aysel Rüstəmova AG Peg simbiotik ulduzunun fotometrik və spektral tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə AAVSO dəyişən ulduzların fotometrik məlumatlar bazasından istifadə etməklə AG Peg simbiotik ulduzunun 68 illik (1954-2022-ci il) dövr üçün parlaqlıq əyrisi qurulmuşdur. Ulduzun parlaqlıq əyrisində 2 periodik dəyişmə (Uzun period P=17857.148 gün ; Qısa period P=814.99 gün) aşkar edilmişdir. Hesab olunur ki, qısa period qoşa sistemdəki qırmızı nəhəng və ağ cırtdanın ümumi kütlə mərkəzi ətrafında orbital hərəkəti ilə bağlıdır.

2016-2019-cu illərdə N.Tusi adına ŞAR-ın 2-m teleskopunda optik lifli Şamaxı eşele spektroqrafında (ShAFES) alınmış yüksək ayırdetməli spektrlər əsasında AG Peg ulduzunun spektral tədqiqi aparılmışdır. Ulduzun fotometrik tədqiqatından tapdığımız təqribən 815 sutkalıq period üçün spektrlərin alınma tarixinə uyğun AG Peg qoşa sisteminin orbitinin fazaları hesablanmışdır. Seçilmiş emissiya xətləri: Hα, Hβ, HeI λ 5876 Å və HeII λ 4686 Å və spektrin 5000-8000 Ǻ oblastında seçilmiş 30-a yaxın udulma xəttinin əsas parametrlərinin sistemin orbital fazasından asılı olaraq mümkün dəyişmələri təhlil olunmuşdur.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışın yekununda mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.