Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Yan 26 , 2024 | 11:21 / Mühüm hadisələr
Oxunma ( 223 )

26 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının genişləndirilmiş astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Əl-Fərabi Qazax Milli Universiteti “Fizika və Texnologiya” fakültəsinin Astrofizika şöbəsinin əməkdaşı fizika və astronomiya üzrə fəlsəfə doktoru Gülnur Subebekova “Kataklizmik dəyişən ulduzların akkresiya disklərinin strukturu” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda kataklizmik dəyişən ulduzlar komponentlərindən danışıb. Qeyd edib ki, bu, birinin ağ cırtdan, digərinin isə baş ardıcıllığın K-M spektral sinifli ulduz olduğu qarşılıqlı təsirdə olan sıx qoşa sistemlərdir. İkinci komponent Roş sərhəddini doldurduqdan sonra ağ cırtdana maddə axını başlayır və ağ cırtdanın ətrafında akressiya diski yaranır. Orbital periodlara görə kataklizmik dəyişənlər bir neçə tipə bölünürlər. Uzun periodlu sistemlərdə Balmer emissiya xətlərinin çox komponentli strukturu müşahidə olunur. Həmçinin, bu xətlərin mənbələri akkressiya diskindən kənarda yerləşir. Həmin emissiya xətlərinin mənbələrinin müəyyən edilməsi istiqamətində elmi tədqiqat işləri davam etdirilir.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.