Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Fev 09 , 2024 | 04:26 /
Oxunma ( 382 )

Fevral ayının 9-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının genişləndirilmiş astroseminarı keçirilib. Seminarda ŞAR əməkdaşları ilə yanaşı, Batabat Rəsədxanasının, o cümlədən V.Q.Fesenkov adına Astrofizika İnstitunun astronomları iştirak edib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra V.Q.Fesenkov adına Astrofizika İnstitunun "Ulduz və dumanlıqlar fizikası" laborotoriyasının aparıcı elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Saule Somsekova “IRAF proqram paketi vasitəsilə yüksək ayırdetməli bir tərtibli spektrlərin emalı metodikası” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə Milli Optik Astronomiya Rəsədxanası (NOAO) tərəfindən hazırlanmış ümumi təsvirlərin işlənməsi və qrafik tətbiqləri, həmçinin astronomik məlumatların emalı və təhlili üçün istifadə olunan IRAF proqram paketi vasitəsi ilə yüksək ayırdetməli bir tərtibli spektrlərin emalı metodikası şərh olunub və əyani olaraq göstərilib. Spektr nümunəsi kimi 15 avqust 2023-cü il tarixində Şamaxı Astrofizika Rəsədxanasında 2 metrlik teleskopun Kasseqren fokusunda quraşdırılmış UAGS + Andor spektroqrafı vasitəsi ilə alınmış NGC 3516 qalaktikasına aid spektrdən istifadə olunub. İşdə, həmçinin tədqiq olunan obyektin spektrində enerji paylanmasının mütləq enerji vahidləri ilə ifadəsi göstərilib. 

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.