May 05 , 2024 | 03:33 / Mühüm hadisələr
Mayın 3-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti genişləndirilmiş astroseminarı keçirilib.
Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Nəzəri astrofizika və kosmologiya” şöbəsinin elmi işçisi Şahnaz Tağıyeva “Mezon və barionların qarşılıqlı təsirinin holoqrafik KXD modellərində öyrənilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Təqdim olunan işdə holoqrafik KXD-nin (Kvant XromoDinamikası) sərt və yumşaq divar modellərində temperatur olmayan halda və sonlu temperatur halında mezon-barion arasındakı qarşılıqlı təsir sabitləri müəyyən edilmişdir. N + γ* → N* keçidləri üçün elektromaqnit formfaktorlarının, spiral amplitudların ötürülən impulsun kvadratından asılılıqları tədqiq edilmiş və hər bir keçid üçün yük, maqnit radiuslarının ədədi qiymətləri aşkar edilmişdir. Holoqrafik KXD modellərindən alınan nəticələrin bir sıra təcrübi və mövcud nəzəri modellərdən əldə edilmiş nəticələrlə müqayisəli təhlili aparılmışdır.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışın yekununda mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.