Ana dili millətin simasını səciyyələndirən mühüm amillərdən biridir
Avg 01 , 2024 | 03:15 / Müsahibələr, çıxışlar
Oxunma ( 272 )

Müxtəlif dövrlərdə Azərbaycan dili rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun müddət sürə bilməmişdir. Lakin Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atdı.

Qeyd edək ki, 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Və SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Ana dili məsələsinin təbliği ilə məşğul olmaq belə bir şəraitdə cəsarət tələb edirdi. Belə ki, milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Həmin vaxt Azərbaycan Respublikasının rəhbəri olan xalqımızın Ümummilli Lideri Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. 2 aprel 1978-ci il tarixində IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndərin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Ulu Öndərin bu təşəbbüsü 21 aprel 1978-ci il tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri Azərbaycan dilinə dövlət dili statusunun verilməsi idi. O, bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Ümummilli Lider Heydər Əliyev ana dilimiz haqqında demişdir: “Ana dilimiz Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir”, “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir”. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm”. Ana dili uğrunda ardıcıl mübarizə aparan ulu öndər ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Xalqımızın böyük tarixi şəxsiyyəti SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Azərbaycam müstəqillik əldə etdikdən sonra 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Böyük əksəriyyət təkliflərdə ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Nəhayət geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.

Xalqımızın Ümummilli Lideri ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail olub. Dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq Ulu Öndər Heydər Əliyev 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Birinci növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Bu Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır

“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Ulu Öndərin 9 avqust 2001-ci il  tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Bundan əlavə 30 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Sözügedən Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Ulu Öndərin bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyevin  bu sahədə imzaladığı Fərman və Sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində əsas olmaqla yanaşı, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. Azərbaycan dilinin dövlət dili kimi təsis edilməsi Ulu Öndərin Azərbaycan xalqı qarşında ən qiymətli tarixi xidmətlərindən biridir.

Fərid MUSTAFAYEV, YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

https://science.gov.az/az/news/open/29744

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.