Avg 21 , 2024 | 02:30 / Müsahibələr, çıxışlar
“Tərəflər Konfransı kimi tanınan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.
Bu il keçiriləcək konfrans 29-cu konfrans olduğu üçün COP29 adlanır. Hər il xüsusi təqvimlər üzrə keçirilən COP-un hədəfi qlobal karbon qazının (CO2) səviyyələrinin 1,5 dərəcədən yuxarı məhdudlaşdırılması istiqamətində irəliləyiş əldə etməkdir və onun missiyası, müddəaların müzakirəsi və həyata keçirilməsi üçün yüksək səviyyədə danışıqlar aparmaqdır.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Kioto Protokolu və Paris Razılaşması əsasında formalaşıb”.
Bu sözləri açıqlamasında COP29-un ölkəmiz üçün əhəmiyyəti və gələcək perspektivləri barəsində danışarkən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru politoloq Züriyə Qarayeva deyib.
Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə bir çox aspektlərdə: siyasət, iqtisadiyyat, turizm, investisiya və regional liderlik də daxil olmaqla bir çox sahələrə töhfə verəcəyi gözlənilir:
“Siyasi töhfələrini saymaqla bitirmək olmaz. Əvvəla, ölkəmizin BMT-yə təqdim etdiyi son “İqlim Planı”na görə, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerjinin 30%-lik hədəfinə çatmaq yolunda olduğunu, həmçinin 2050-ci ilə qədər karbon emissiyalarını 40% azaltmağı hədəflədiyini bəyan edib. Azərbaycanın karbon emissiyalarının azaldılması hədəfi qlobal istiləşmənin qarşısını almaq üçün önəmli addımdır. Azərbaycanın COP29-a ev sahibliyi etməsi onun emissiyalar və bərpa olunan enerji ilə bağlı hədəflərinə nail olmaq, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini və iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmək əzmində olduğuna işarədir. Dünya birliyinin ölkəmizə olan etimadının göstəricisi olmaqla yanaşı, bundan sonrakı fəaliyyət planını da uğurla icra edəcəyinə ümidin təzahürüdür. Belə bir mötəbər tədbiri növbəti dəfə ölkəmizin yüksək səviyyədə təşkil etməsi Bakının dünyada günü-gündən güclənən nüfuzuna daha böyük reputasiya qatacaq”.
Z.Qarayevanın fikrincə, COP29 kimi qlobal konfransın Azərbaycanda keçirilməsinin inkişaf etməkdə olan ölkələrə nümunə olacağını söyləmək düzgün olardı:
“Ermənistan COP29 Konfransının hansı ölkədə keçiriləcəyi ilə bağlı səsvermədə Azərbaycanın lehinə səs verməkdə bitərəf qalıb. Sülh danışıqlarının davam etdiyi bu günlərdə belə bir addımın atılması münasibətlərə müsbət töhfə verəcək.
Erməni diasporu və onun lobbisi beynəlxalq platformalarda və böyük dövlətlərin qərar qəbul edən orqanlarında təsir imkanlarına malikdir. COP29-un Azərbaycanda təşkili Azərbaycanın lobbiçilik fəaliyyətinin müsbət istiqamətdə irəlilədiyini göstərir. “Yaşıl transformasiya”, “yaşıl iqtisadiyyat”, “bərpa olunan enerji” kimi məsələlərdə dünyada lokomotiv rolunu oynayan Avropa baxımından da Azərbaycan müsbət profilə sahib olacaq və artıq bu profili qazanıb deyə bilərik”.
“Turizm baxımından, verdiyi töhfələrə nəzər saldıqda, Azərbaycan tarixində ilk dəfə olacaq ki, belə yüksək iştiraklı və geniş miqyaslı, geniş kütlələrin marağına səbəb olacaq bir proqram keçiriləcək. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 11-22-də keçiriləcək proqramda təxminən 70-80 min insanın iştirak edəcəyini bildirib. Müqayisə üçün qeyd etmək yerinə düşər ki, əvvəllər Azərbaycanda keçirilən ən böyük təşkilat 8-10 min nəfərin iştirak etdiyi “Avropa Oyunları” idi. Yüksək tutumla keçiriləcək bu təşkilatın proqram müddəti boyunca ölkədə yaşayış, səyahət, yemək, nəqliyyat və əyləncə kimi bir çox sektora fövqəladə töhfə verməsi gözlənilir. Azərbaycan gələcəkdə turizm baxımından daha çox tanınan bir ölkə kimi seçiləcək” – deyə o, əlavə edib.
Həmsöhbətimizin qənaətinə görə, iqtisadi töhfələrinə baxdığımızda təşkilatın turizm gəlirləri xaricində bir çox müsbət irəliləyişlərə hamilə olduğunu söyləmək olar:
“Azərbaycan dövlət gəlirlərinin böyük hissəsini neft və təbii qaz ixracından əldə etdiyinə görə, iqtisadiyyatını şaxələndirmək və bərpa olunan enerji sahəsində mərkəz kimi fəaliyyət göstərmək baxımından tədbirin əhəmiyyəti çox böyükdür.
İnvestisiya baxımından, verdiyi töhfələrə nəzər saldıqda, beynəlxalq investorların yaşıl iqtisadiyyat kontekstində Qafqaz regionuna sərmayə yatıracağı ölkə kimi qəbul etmək olar. Yeni yaranan bərpa olunan enerji sənayesinə birbaşa xarici investorları cəlb etmək fürsətindən istifadə olunacaq.
Liderlik baxımından verdiyi töhfələrə baxdığımızda, Azərbaycanda bərpa olunan enerji və yaşıl transformasiya sahəsində effektiv siyasət yürüdülməsi, tədbirin Azərbaycanda təşkili Azərbaycanın yaşıl transformasiya ilə bağlı hədəfləri və bu istiqamətdə əldə etdiyi hədəflər liderliyə gedən yolda əsl məhək daşı olacaq.
Nəticədə COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın bir çox ölkələr və beynəlxalq təşkilatlarla siyasi əlaqələrinə daha da yüksək səviyyədə müsbət təsir göstərəcək. İqtisadiyyatını daha da gücləndirəcək, investisiya imkanlarının arealını genişləndirəcək, turizm potensialını dərinləşdirəcək”.