Okt 07 , 2024 | 04:00 / Mühüm hadisələr
Oktyabrın 4-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində dəyirmi masa keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA GAMŞ-nın sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev dövlət başçısı tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini, bu istiqamətdə respublikamızda, o cümlədən Akademiyada çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan, dünyadan artan nüfuzundan danışan alim COP29 kimi mötəbər bir tədbirin ölkəmizə həvalə edilməsinin bu sahədə Azərbaycanda görülən işlərə verilən yüksək qiymətin ifadəsi olduğunu deyib.
Qeyd edib ki, hələ sovet hakimiyyəti illərində Ulu Öndər Heydər Əliyev ölkəmizdə ekoloji məsələlərə xüsusi diqqətlə yanaşıb, müstəqillik illərində bu siyasət genişləndirilib, Prezident İlham Əliyev isə Azərbaycanın ekoloji siyasətini qlobal miqyasa yüksəldib və bu gün ölkəmiz iqlim dəyişmələri kimi dünyanı narahat edən məsələlərdə həlledici rol oynayır.
GAMŞ sədri vurğulayıb ki, bu günlərdə ölkəmizdə keçirilən çoxsaylı mədəni və iqlimlə bağlı tədbirlərdə gənc alimlər yaxından iştirak edib, Azərbaycan Milli Elmlər Akademiyasınında çalışan gənc alim və mütəxəssislər bu istiqamətdə bir sıra işlər görüblər.
Daha sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov tədbir iştirakçılarını MEK-də görməkdən şad olduğunu bildirib. Direktor qeyd edib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində belə bir dəyirmi masanın təşkili olduqca vacibdir və gənc alimlərin bu kimi tədbirlərdə iştirakı önəmli hadisədir.
AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov da öz çıxışında tədbirin əhəmiyyətindən danışıb, AMEA-da bu sahədə görülən işlər, keçirilən elmi sessiyalar haqqında məlumat verib.
Dəyirmi masada, o cümlədən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Dilarə Əliyeva, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi Aynur Ələkbərova, AR ETN Molkulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Xəyalə Əliyeva, AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Aysel Muradova və 247 nömrəli tam orta məktəbin şagirdi Dəniz Səmədli mövzu ilə bağlı çıxışlar ediblər.