Fotos
Ümumdünya Kosmos Həftəsinə həsr olunmuş tədbir keçirilib
Okt 15 , 2024 | 02:15 / Mühüm hadisələr
Oxunma ( 89 )

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təşkilatçılığı ilə Tusi-Bohm Planetariumda Ümumdünya Kosmos Həftəsi çərçivəsində "Kosmik səyahət: Ulduzlara doğru" adlı tədbir keçirilib. Tədbirdə Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Azərbaycan Kooperasiya Universitetinin müəllim-tələbə heyəti, o cümlədən Azərbaycan Diplomatiya Akademiyasının Qalaktika Cəmiyyətinin gəncləri iştirak edib.

Təşəbbüsün məqsədi kosmik tədqiqatların və texnoloji tərəqqinin insan cəmiyyətinin inkişafına verdiyi töhfəyə diqqət çəkməkdir.

Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, müxbir üzv Namiq Cəlilov iştirakçıları salamlayıb və onlara kosmos haqqında ümumi anlayışların şərhini verib. Bildirib ki, Yerdə baş verən bir çox məsələlərin izahı məhz kosmosdadır. Bu baxımdan Ümumdünya Kosmos Həftəsinin qayəsi  cəmiyyəti kosmosun tədqiqindən gələn faydalar haqqında maarifləndirmək, iqtisadiyyatın inkişafını stimullaşdırmaq üçün kosmosun istifadəsini təbliğ etmək, elm və təhsilin populyarlaşdırılması, həmçinin kosmosun təbliği vasitəsilə millətlərin birgə əməkdaşlığı üçün zəmin yaratmaqdır.

Sonra ŞAR-ın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli Ümumdünya Kosmos Həftəsinin tarixi, mahiyyəti və əhəmiyyəti ilə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peykinin (“Sputnik-1”) orbitə çıxarılması, habelə dövlətlərin kosmik fəzanın, o cümlədən Ay və digər səma cisimlərinin öyrənilməsi və onlardan istifadə edilməsi üzrə fəaliyyət prinsipləri haqqında 10 oktyabr 1967-ci il tarixli müqavilənin qüvvəyə minməsi ilə əlaqədar, BMT Baş Məclisi 1999-cu il dekabrın 6-da Ümumdünya Kosmos Həftəsinin təsis olunması haqqında qərar qəbul etmişdir. Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildən qoşulub və bu münasibətlə hər il bir həftə boyunca Şamaxı Astrofizika Rəsədxanasında və Tusi-Bohm Planetariumda "Açıq qapı" günləri, film təqdimatları, tanınmış astronomlarla görüşlər və s. kimi ölkədə astronomiya və kosmos elminin təbliğinə dair tədbirlər keçirilir.

Daha sonra tədbir iştirakçılarına "Kainata doğru" adlı sənədli film nümayiş etdirilib. Filmdə keçmişdən müasir dövrədək kosmik tədqiqatlarda istifadə olunan üsul və texnologiyalar, habelə kosmik müşahidələr zamanı əldə olunan mühüm elmi nəticələrdən bəhs edilib. İştirakçıların böyük marağına səbəb olan filmin yekununda nümayiş edilən fiziki hadisələrin interaktiv şəkildə müzakirəsi aparılıb. İştirakçıları maraqlandıran suallar ŞAR-ın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Aytac İskəndərova tərəfindən cavablandırılıb.

Qeyd edək ki, 12 oktyabr 2024-cü il tarixdə Şamaxı Astrofizika Rəsədxanasında Ümumdünya Kosmos Həftəsi münasibətilə növbəti Açıq Qapı Günü keçiriləcəkdir.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR)

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.