Fotos
Rəsədxanada "ŞUŞA 2024: Gənclik ruhu ilə canlanan qocaman miras" adlı tədbir keçirilib
Okt 18 , 2024 | 10:21 / Mühüm hadisələr
Oxunma ( 96 )

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Şuşa şəhərinin İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı seçilməsinə həsr olunmuş "ŞUŞA 2024: Gənclik ruhu ilə canlanan qocaman miras" adlı tədbir keçirilib. Tədbirdə çoxsaylı elmi-tədqiqat institutlarını təmsil edən gənc alim və mütəxəssislər iştirak edib.

Təşəbbüsün məqsədi özünü mədəniyyət mərkəzi kimi çoxdan təsdiqləmiş Şuşa şəhərinin elmi mərkəzə çevrilməsinə gənc alim kimi töhfə vermənin yollarını müzakirə etməkdir.

Tədbiri açılış nitqi ilə Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi astronomiya üzrə fəlsəfə doktoru, dosent Orxan Xəlilov açaraq tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, Şuşanın cari il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi çox əlamətdar hadisədir. Bu hadisə, Azərbaycan gəncliyinin real potensialını ortaya qoyması üçün çox gözəl imkandır. Hazırda gənclər paytaxtı kimi çıxış edən Şuşamızın 4 il öncə düşmən tapdağından azad olunmasında aparıcı rol oynayan gənclərin, bu gün Şuşanın bərpa-yenidənqurma işlərində, buradakı inkişafa yönəlmiş innovativ layihələrdə aktiv iştirak etməsi milli irsimizin etibarlı əllərdə olmasının bariz nümunəsidir.

Sonra çıxış üçün söz AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayevə verilib. Elmir Babayev də öz növbəsində tədbirin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Şuşanın Gənclər Paytaxtı seçilməsi bütün Azərbaycanın elmi və mədəni irsinin, tarixinin və müasir potensialının yeni bir dövrə qədəm qoyması deməkdir. Bu, irsimizi qorumaq, onu inkişaf etdirmək və gələcək nəsillərə ötürmək üçün gənclərimizin qarşısında duran mühüm bir missiyadır.

Daha sonra tədbir iştirakçılarına “Bir miras, bir gələcək: Şuşada gənclik” adlı video-çarx təqdim olunub.

Açılış mərasiminin ardınca tədbirin rəsmi hissəsi maraqlı məruzələr fonunda öz işini davam etdirib. Rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli, Həmkarlar İttifaqı Təşkilatının sədri Aynurə Həsənova, Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Vahid Tahirov və "İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr" şöbəsinin müdiri Orxan Salehli, uyğun olaraq "Şuşa – Gənclərin Zəfər və Mədəniyyət Simvolu", "Gənclik və Ekoturizm: Şuşada Yaşıl Gələcək", "Mədəniyyət, Sahibkarlıq və Gənclik: Şuşanın Yeni Yüzili" və "Gənclik və İrs: Gələcəyin Qovşağı  Şuşa" mövzularında məruzə ilə çıxış ediblər.

Tədbir iştirakçılarının böyük marağına səbəb olan çıxışlarda, gənclər paytaxtı olan qocaman Şuşada multidisiplinar fəaliyyətin aspektləri diqqətə çatdırılıb. 

Məlumat üçün bildiririk ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunub.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.