Noy 01 , 2024 | 11:12 / Mühüm hadisələr
Noyabrın ayının 1-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti genişləndirilmiş astroseminarı keçirilib.
Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin elmi işçisi Səbahəddin Alışov “AS 310 ulduzunun fotometrik və spektral müşahidələri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda AS 310 ulduzunun 2016-2023-cü illərdə aparılmış həm fotometrik, həm də spektral müşahidələrinin nəticələrini təqdim edib. Bildirib ki, AS 310 ulduzunun 2016-2021-ci illərdə BVRcIc filtirlərində aparılan fotometrik müşahidələri nəticəsində məlum olmuşdur ki, müxtəlif illərdə ulduzun parlaqlığının dəyişmə amplitudu rəvan dəyişir və 2018-ci ildə alınmış maksimum halında ΔV ~ 0.6 maq-a çatır. Ulduz əksər hallarda parlaqlığın aşağı səviyyəsində müşahidə olunur, lakin vaxtaşırı alışma xarakterli dəyişmələr göstərir. Parlaqlıq azaldıqca ulduzun rəngi qızarır ki, bu da yaxın infraqırmızı oblastda şüalanma artıqlığı ilə izah edilir.
Ədəbiyyatdan götürülmüş nəticələr və 2016-2021-ci illərdə alınan fotometrik materiallar Scargle metodu ilə geniş statistik Furye təhlil edilmiş, alınmış fotometrik dəyişkənliklərdə ciddi periodik dəyişkənliklər aşkar edilməmişdir.
ŞAR-ın 2 m-lik teleskopu ilə ulduzun aşağı ayırdetməli spektral müşahidələri nəticəsində Hα və Hβ xətlərində qeyri-adi dərəcədə ensiz və intensiv şüalanma komponentləri aşkar edilmişdir. Bu komponentlərin intensivliyi zamanla dəyişkənlik göstərir. Ulduzun spektrində Не I λ4026, 4387, 4417, 4922, 6678 Å, [NII] λ6548, 6584 Å, DIBs, FeII və b. xətlər aşkar olunur. Spektral sinfi В0-В2, işıqlıq sinfi isə III ‒ normal nəhənglərin sinfinə uyğundur.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışın yekununda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.