Fotos
Gender zorakılığına qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Dek 02 , 2024 | 11:15 / Mühüm hadisələr
Oxunma ( 115 )

Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Abdulla Rəhimov adına 247 saylı tam orta məktəbin təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının dəstəyi ilə “Bərabər Hüquqlar, Aydın Gələcək: Gender Əsaslı Zorakılıqla Mübarizə” adlı dəyirmi masa keçirilib.

Tədbirin məqsədi şagirdlər arasında gender bərabərliyi ilə bağlı maarifləndirmə işlərini gücləndirmək, zorakılığın qarşısını almaq və sağlam münasibətlərin təşviq olunmasıdır.

Tədbirdə çıxış edən Abdulla Rəhimov adına 247 saylı tam orta məktəbin direktoru Sitarə Abbasova giriş sözü ilə tədbiri açaraq gender zorakılığına qarşı mübarizənin cəmiyyətin hər bir sahəsində prioritet istiqamət olaraq seçilməli olduğunu vurğulayıb. O, bu məsələ ilə bağlı məktəbdə keçirilən tədbirlərin şagirdlərə əxlaqi dəyərləri, insan hüquqlarını və bir-birinə qarşı hörməti aşılamağa kömək edəcəyini bildirib.

Tədbirin açılış hissəsində növbəti çıxış üçün söz Nəsimi Rayonu İcra Hakimiyyətinin müavini Gülarə Verdiyevaya verilib. Gülarə Verdiyeva çıxışında, dövlətin gender bərabərliyi və zorakılığa qarşı mübarizədəki siyasətini və bu sahədə həyata keçirilən layihələri təqdim edib. O, bu məsələdə ictimaiyyətin daha geniş şəkildə maarifləndirilməsinin və cəmiyyətin bütün təbəqələrinin birgə səylə hərəkət etməsinin vacib olduğunu bildirib.

Növbəti çıxışçı – Nəsimi Rayonu Polis İdarəsinin “Yetkinlik yaşına çatmayanlar üzrə iş” sektorunun əməkdaşı Yeganə Zeynalova isə öz növbəsində “Hüquqlarımız və mental dəyərlərimiz” mövzusunda çıxış edərək, öz hüquqlarını bilmələrinin və hər hansı bir zorakılıq və ya haqsızlıq qarşısında səssiz qalmamalarının vacib olduğunu şagirdlərin diqqətinə çatdırıb.

Açılış hissəsinin yekununda “Zorakılıq zəncirini birlikdə qıraq” adlı video-çarx tədbir iştirakçılarına nümayiş olunub.

Video-çarxın ardınca tədbirin elmi-populyar hissəsi start götürüb. Elmi hissədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının Sədri Samirə Rəhimli “Zorakılığa Qarşı Birlik və Gələcəyin Dəyişimi” mövzusunda çıxış edərək, cəmiyyətdə zorakılığın qarşısını almağın və bərabərlik mədəniyyətini formalaşdırmağın vacibliyini qeyd edib. Samirə Rəhimli çıxışında insanların birgə fəaliyyət göstərərək daha güclü və dəstəkləyici bir cəmiyyət qurmağı bacara biləcəyini və beləliklə, gələcək nəsillərə daha sağlam bir mühit təqdim edəcəyini bildirib.

Növbəti çıxış üçün söz AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının Sədri Ceyran Hüseynliyə verilib. O, “Ənənə və Emansipasiya – Azərbaycan Ailəsi Nümunəsində” mövzusunda məruzəsini təqdim edərək, Azərbaycandakı ənənəvi ailə strukturlarının və mədəniyyətin modern cəmiyyətə uyğunlaşmasının vacibliyini qeyd edərək vurğulamışdır. Emansipasiya sözünün hərfi mənasını açaraq onun mövzu ilə yaxından bağlılığını nəzərə çatdırmışdır. İncəlik, zəriflik simvolu olan qadından, onun ailədə, cəmiyyətdəki rolundan söz açaraq bir çox tədqiqatçıların, elm adamlarının, filosofların əsas diqqət mərkəzində olduğunu bildirmiş, hər birimizə şüuraltı ötürülən adət-ənənələrin cəmiyyətdə nizam-intizam qurmasına baxmayaraq bəzən kəskin stereotiplərin və aşılmaz sədlərin yaranmasına səbəb olduğunu ifadə etmişdir.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışların yekununda onları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.