Apr 09 , 2025 | 09:51 / Mühüm hadisələr
6 aprel 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə “Təhsilinizdə növbəti pillə” mövzusunda vebinar keçirilib. Vebinarda müxtəlif ali təhsil müəssisələrinin və AMEA-nın doktorant və dissertantları, GAMŞ üzvləri, həmçinin magistrantlar, doktoranturaya hazırlaşan namizədlər iştirak ediblər.
Öncə İSİ-nin GAMŞ sədri, kiçik elmi işçi Lamiyə Nəcəfova elmi fəaliyyətin önəmindən bəhs edərək təlimlə bağlı iştirakçılara ətraflı məlumat verib, onlara yeni elmi müvəffəqiyyətlər arzu edib.
Sonra AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun dissertantı, data elmi üzrə ekspert Elşən Bağırov çıxış edərək doktorantura və dissertanturaya qəbul qaydalarından və qanunvericilikdə əks olunan tələblərdən bəhs edib.
Təlimdə, həmçinin AzTU-nun və BDU-nun müəllimi Nurdan Əsədova doktoranturaya qəbul və minimum imtahanlarında istifadə olunan fəlsəfə fənni proqramı, BDU-nun müəllimi, ingilis dili üzrə təlimçi İlahə İsgəndərova ingilis dili fənni ilə bağlı, İSİ-nin GAMŞ sədr müavini, elmi işçi Rüstəm Əzimov isə fəlsəfə doktorluğu müdafiəsində yaranan çətinliklər, dissertasiyanın yazılması prosesindəki əsas məqamlar barədə məruzələr təqdim ediblər.
Vebinarın sonunda tədqim olunan mövzularla bağlı müzakirələr aparılıb, iştiraçıların sualları cavablandırılıb.