Fotos
Tarix və Etnologiya İnstitutunun doktorantları “Türk dünyası gənc tarixçilər seminarı”nda iştirak ediblər
İyl 09 , 2025 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 463 )

Türk Tarix Qurumu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə 3-4 iyul 2025-ci il tarixində Ankarada “Türk dünyası gənc tarixçilər seminarı” keçirilib.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun rəhbərliyinin təşəbbüsü ilə doktorantlar – Elmin Məmmədli, Turan Babayeva, Cəfər Abdullayev, Aida Teymurova və Gülay Məmmədova tədbirdə ölkəmizi təmsil ediblər.

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin gənc tarixçilərinin toplandığı seminarın keçirilməsində məqsəd gənc tarixçilərin qarşılıqlı tanışlığı, elmi təcrübə mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və iştirakçılar arasında ortaq elmi mövzularda müzakirələrin təşkili olub.

Tədbir Türk Tarix Qurumunun başqanı professor Yüksel Özgen, TİKA-nın başqanı Serkan Kayalar və Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun başqanı professor Dərya Örsün açılış nitqləri ilə başlayıb. Çıxışlarda belə seminarların Türk dünyası üçün elmi əhəmiyyəti ilə yanaşı, mədəni və ideoloji faydalarından da danışılıb, qeyd olunub ki, ortaq keçmişin dərk edilməsi gələcək birlik və əməkdaşlıq modellərinin qurulmasında önəmli rol oynayacaq.

Seminarın ilk günü Türkiyədə arxeologiya və sənət tarixi ilə bağlı mühazirələrlə başlanıb. Professor Musa Kadıoğlu və dosent Hasan Yılmazyaşar bu sahədə aparılan araşdırmalarla bağlı mühazirələr söyləyiblər. Sonra islamiyyətdən əvvəl Orta Asiyada türk tarixinin formalaşması və sosial-siyasi strukturlar haqqında professor İlhan Şahin və professor Üçler Buldukun çıxışları dinlənilib. Professorlar Aydın Usta və Sadullah Gülten islamın qəbulundan Osmanlı dövlətinin quruluşuna qədər Türk dünyasında baş verən tarixi proseslər və bu proseslərin regionda yaratdığı siyasi-mədəni təsirləri təhlil ediblər.

Seminarın ikinci günü Osmanlı dövlətinin Türk dünyası ilə münasibətlərə həsr olunmuş məruzələrlə başlayıb. Professorlar Yunus Koç və Dinçer Koç Osmanlı diplomatiyası və Türküstan ilə olan əlaqələrə dair arxiv materialları və tarixi mənbələr əsasında təhlillər aparıb.

Professorlar Ahmet Özcan və Abdullah Gündoğdu tərəfindən yeni tarixdə Osmanlı və Türk dünyası arasındakı münasibətlərin siyasi, iqtisadi və ideoloji tərəfləri müzakirə olunub. Seminarın son sessiyasında professor Haluk Selvi və professor Hikmət Öksüz tərəfindən isə XX əsrdə Türkiyənin Türk dünyası ilə əlaqələri, pantürkizm ideyalarının yayılması, milli dövlət quruculuğu və mədəni inteqrasiya prosesləri təhlil edilib.

Tədbirin sonunda keçirilən ümumi qiymətləndirmə və qapanış sessiyasında gənc tədqiqatçılarla təcrübəli alimlər arasında qurulan ünsiyyət, qarşılıqlı fikir mübadilələri və ortaq layihə ideyalarının yaranması seminarın əsas nailiyyətlərindən biri kimi qiymətləndirilib. Belə elmi platformaların davamlı şəkildə təşkilinin Türk dünyasının ortaq mədəni və tarixi dəyərlərinin qorunması, ortaq tarix şüurunun formalaşdırılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Azərbaycan Milli Elmlər Akademiyası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.