Apr 14 , 2026 | 02:42 / Mühüm hadisələr
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində növbəti seminar keçirilib.
Bakı Dövlət Universiteti və Bakı Slavyan Universiteti tələbələrinin, o cümlədən “Könüllülük” layihəsi iştirakçılarının qatıldığı seminarda institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., professor Tahirə Həsənzadənin “Əfşarlar və Qacarlar dövrünün azərbaycanlı ictimai və siyasi xadimləri” mövzusunda mühazirəsi dinlənilib.
Alim çıxışında Əfşarlar İmperiyasının və Qacarlar dövlətinin siyasi tarixi, bu dövlətlərin hökmdarları, onların hakimiyyət dövrləri, eləcə də həmin mərhələlərdə fəaliyyət göstərmiş azərbaycanlı sərkərdələr, hərbçilər və dövlət xadimləri haqqında ətraflı məlumat verib, təqdim etdiyi məqalədə Mirzə Rza xan Qəzvini, Hüseyn xan Müqəddəm Marağayi, Mirzə Yusif Təbrizi, Mirzə Rza xan Daneş, Mirzə Əsədulla xan və Mahmud xan kimi diplomatların fəaliyyətini ayrıca nəzərdən keçirərək onların regionun ictimai-siyasi həyatında rolunu təhlil edib.
Seminar çərçivəsində adıçəkilən tarixi şəxsiyyətlərin fotolarından ibarət videoslayd nümayiş olunub. Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların müvafiq fənlər üzrə praktik biliklərinin artırılması və ixtisas səviyyələrinin gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların may ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.


















