Fotos
Folklor İnstitutunun doktorantı respublika elmi konfransında məruzə edib
Apr 22 , 2026 | 10:00 / Mühüm hadisələr
Oxunma ( 49 )
Bakı Avrasiya Universiteti tərəfindən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan ədəbiyyatşünaslığında türkoloji istiqamətlər” mövzusunda Respublika elmi konfransı keçirilib.
 
Konfransda AMEA Folklor İnstitutunun I kurs doktorantı Amil Əzimli iştirak edib. O, bölmə iclasında “Azərbaycan dastan yaradıcılığında Türk qəhrəmanlıq eposundan qaçaq folkloruna transformasiya: ‘Koroğlu’ ənənəsi kontekstində” mövzusunda məruzə edib.
 
Məruzədə klassik türk qəhrəmanlıq eposu olan “Koroğlu” ənənəsinin XIX–XX əsr Azərbaycan qaçaq folkloruna təsiri, qəhrəman modelinin yeni sosial-siyasi şəraitdə transformasiya xüsusiyyətləri elmi şəkildə təhlil olunub. Tədqiqatda xalq yaddaşında yaşayan “İgid Nəbi Koroğludan yamandı” yanaşması əsasında epik ənənənin varisliyi məsələsinə toxunulub, aşıq yaradıcılığının bu prosesdəki birləşdirici rolu vurğulanıb.
 
Məruzə ətrafında aparılan müzakirələrdə mövzunun türkoloji baxımdan aktuallığı qeyd olunub. Tanınmış ədəbiyyatşünas alim, professor Rüstəm Kamal çıxış edərək məruzə ilə bağlı fikirlərini bölüşüb və gənc tədqiqatçıya elmi tövsiyələr verib.
 
Sonda AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova tərəfindən konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.
 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.