Gənc tədqiqatçı Amil Əzimli Beynəlxalq Simpoziumda məruzə edib
Apr 30 , 2026 | 09:43 / Mühüm hadisələr
Apr 30 , 2026 | 09:43 / Mühüm hadisələr
Oxunma ( 9 )
29 aprel 2026-cı il tarixində Xəzər Universitetində keçirilən "I Uluslararası Türk Dünyasında Kültür ve Değerlerin İzleri" simpoziumunda AMEA Folklor İnstitutunun doktorantı Amil ƏZİMLİ iştirak edib.
Gənc tədqiqatçı simpoziumun bölmə iclasında "Qaçaq Nəbi dastanında qəhrəman modeli və idealizasiya məsələləri" mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə Qaçaq Nəbi obrazının sadəcə silahlı bir mübariz deyil, eyni zamanda xalqın etik-mənəvi dəyərlərini, sosial ədalət prinsiplərini özündə birləşdirən ideal bir qəhrəman modeli olduğu elmi şəkildə əsaslandırılıb. Xüsusilə, Qaçaq Nəbinin düşmənlərinə qarşı sərgilədiyi mərhəmət və əfv etmə motivlərinin klassik "Koroğlu" ənənəsi ilə tipoloji bağlılığı simpozium iştirakçılarının böyük marağına səbəb olub.
Məruzə ətrafında aparılan müzakirələrdən sonra Türkiyənin Kafkas Universitetinin professoru, tanınmış alim Mitat Durmuş çıxış edərək mövzunun türkoloji və folklorşünaslıq baxımından əhəmiyyətini yüksək qiymətləndirib. Professor Mitat Durmuş tədqiqatın elmi yeniliyini vurğulayaraq sertifikatı gənc alimə təqdim edib.
Qeyd edək ki, beynəlxalq simpoziumda Türk dünyasının müxtəlif ölkələrindən gələn alimlər mədəniyyət və ortaq dəyərlər ətrafında fikir mübadiləsi aparıblar.


















