Apr 30 , 2026 | 02:00 / Görüşlər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil şöbəsinin və Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Five Continents – 500 Startups” proqramı çərçivəsində təlim və infosessiya görüşü keçirirlib.
Görüşdə AMEA-nın müxtəlif institutlarının əməkdaşları və tədqiqatçıları, xüsusilə innovasiya və sahibkarlıq fəaliyyətinə maraq göstərən gənc tədqiqatçılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə AMEA Gənclər Akademiyasının sədri dosent Elmir Babayev açaraq proqramın strateji əhəmiyyətinə toxunub. O, bu təşəbbüsün təkcə yeni texnologiyaların və rəqəmsal mühitin formalaşdırılmasına deyil, həm də dayanıqlı inkişafın təmin edilməsinə xidmət etdiyini qeyd etmişdir. Elmir Babayev proqramın innovasiya və rəqəmsal transformasiya sahələrində yeni imkanlar yaratdığını bildirərək, AMEA-nın mövcud elmi potensialının bu sahədə fəal iştiraka imkan verdiyini və Akademiyanın bu prosesdə yaxından rol oynamağa hazır olduğunu diqqətə çatdırmışdır.
“Enterprise Azerbaijan” portalının rəhbəri dos. İsa Qasımov iştirakçılar ilə “Elmin kommersiyalaşdırılması: startapların formalaşdırılması və inkişafı” mövzusunda bilik və təcrübələrini bölüşərək, müzakirə edib. Infosessiya çərçivəsində iştirakçılara “Startup School 4” qlobal innovasiya proqramının məqsədləri, iştirak imkanları və startapların beynəlxalq ekosistemə inteqrasiya perspektivləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması, ideyaların startaplara çevrilməsi və innovasiya yönümlü layihələrin inkişaf etdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, elmi biliklərin real iqtisadi dəyərə çevrilməsi və tədqiqatçıların startap ekosisteminə inteqrasiyası müasir innovasiya siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan “Startup School 4” proqramı tədqiqatçıların ideyalarının qlobal miqyasda inkişafına dəstək verən mühüm platforma kimi çıxış edir. Qeyd edək ki, “Startup School 4: Five Continents – 500 Startups” proqramı innovativ ideyaların dəstəklənməsi, startap ekosisteminin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsini hədəfləyir.


















