Fotos
Kimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası formalaşdırılıb
May 22 , 2026 | 11:10 / Mühüm hadisələr
Oxunma ( 23 )

AR Elm və Təhsil Nazirliyi “Kimya İnstitutu” PHŞ-da gənc alim və tədqiqatçılarla görüş keçirilib.

Görüşdə institut rəhbərliyi, doktorant, gənc alim və tədqiqatçılar iştirak edib.

Görüşü giriş sözü ilə açan Kimya İnstitutunun direktoru səlahiyyətlərini icra edən professor Əfsun Sucayev gənclərlə görüşdən məmnun olduğunu bildirib. O deyib ki, müasir dövrdə yüksək intellektli gəncliyin formalaşması hər bir cəmiyyətin başlıca vəzifələrindən biridir. Professor qeyd edib ki, bu gün həyata keçirilən islahatlar, opimallaşdırma tədbirləri elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, elmlərarası əlaqələrin inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi və s. kimi məqamları əhatə edir. Aparılan optimallaşdırma və yenidən strukturlaşma tədbirlərı institutlararası əməkdaşlığa, tədqiqat mühitinin yaxşılaşdırılmasına, tədqiqat işlərinin effektivliyinin artırılmasına, alim əməyinin daha da yüksək qiymətləndirilməsinə, gənc alimlərin dəstəklənməsinə, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq. Elmi məşğul edən insanların tədqiqat müəssisələrindən təmizlənməsi prosesi başlayıb və davam edir. Bütün bu proseslərdə aparıcı qüvvə gənclər olmalıdır. Professor qeyd edib ki, hal-hazırda həyata keçirilən bütün təşəbbüslər gənclərin elmi potensialının artırılmasına və onların fəaliyyətinin dəstəklənməsinə yönəlib. Eyni zamanda vurğulanıb ki,  hazırda gənclərin elmi tədqiqat işlərini daha səmərəli və məqsədəuyğun aparmaq üçün müxtəlif tədbirlər həyata keçirilməkdədir. Professor multidissiplinar tədqiqatların genişləndirilməsi, birgə tədqiqatların aparılması və layihələrin həyata keçirilməsi  məqsədilə Kimya İnstitutunun Fizika İnstitutu ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu, gələcəkdə isə digər ali təhsil və elmi müəssisələrlə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Sonra alim yeni institutda ictimai təşkilatların da yenidən formalaşdırılması zərurəti yarandığını diqqətə çatdırıb qeyd edib ki, bu gün gənclərin iştirakıyla institutda Gənc alim və mütəxəssislər şurasının yeni strukturu formalaşdırılacaq.

Daha sonra Kimya İnstitutu PHŞ-nin Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibinin formalaşdırılması məqsədilə iclasın  sədrliyi İnstitutun aparıcı elmi işçi, k.ü.f.d. Günay Mustafayevaya həvalə olundu.

G.Mustafayeva iclasın gündəliyi haqqında məlumat verdikdən sonra “Kimya İnstitutu” PHŞ-in Gənc Alim və Mütəxəssislər şurasının yeni tərkibinin seçilməsi haqqında təkliflər dinlənilib, namizədlər irəli sürülüb. Açıq səsvermə nəticəsində k.ü.f.d. Günel Əzimova “Kimya İnstitutu” Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Beynəlxalq əməkdaşlıq sektorunun baş mütəxəssisi Araz Dövlətov və kiçik elmi işçi Leyla Vahidzadə isə sədr müavinləri, 9 nəfərdən ibarət idarə heyəti seçilib.

Sonda Günel Əzimova çıxış edərək etimada görə gənclərə təşəkkürünü bildirib, onları elmi və ictimai fəaliyyətlərdə daha fəal iştirak etməyə çağırb, birlik və əməkdaşlıq şəraitində mühüm nailiyyətlərin əldə olunacağına əminliyini ifadə etmişdir.

Science.gov.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.