Fotos
AMEA əməkdaşları Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxış ediblər
May 28 , 2026 | 09:52 /
Oxunma ( 22 )

Yasamal rayon Heydər Əliyev Mərkəzində “Milli istiqlal tariximizin şərəfli səhifəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, AMEA Gənclər Akademiyası Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Günel Musayeva, Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nazilə Rəhimova, eləcə də ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzin ekspozisiya zalında Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə “Dövlətin ruhu və yaddaşı – istiqlalımızın dil fəlsəfəsi” mövzusunda məruzə edən Arzu İsgəndərzadə bildirib ki, 1918-ci il iyunun 27-də ana dilimizin dövlət dili elan edilməsi milli ideologiyanın və dövlətçilik təfəkkürünün ən mühüm təzahürlərindən biri idi. Alim çıxışında Cümhuriyyət qurucularının dil siyasətinə elmi və praqmatik prinsiplərlə yanaşmasından, təhsil və ordu sahəsində həyata keçirilən dil islahatlarından, ibtidai məktəblərin milliləşdirilməsi və tədrisin ana dilində təşkili istiqamətində qəbul olunan qərarlardan bəhs edib.

Məruzəçi qeyd edib ki, XX əsrin əvvəllərində formalaşan istiqlal məfkurəsi də, əsrin sonlarında güclənən müstəqillik hərəkatı da ana dilinin qoruduğu milli kimlik və milli özünüdərk amili ilə sıx bağlı olmuşdur. Arzu İsgəndərzadə müasir dövrdə ölkəmizdə həyata keçirilən dil siyasətinin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji konsepsiyaya əsaslandığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə ana dilinin qorunması və beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.

Həmçinin Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan gəncliyinə ünvanladığı tarixi müraciətə toxunan məruzəçi qeyd edib ki, “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarı Azərbaycan istiqlal ruhunun və milli dövlətçilik düşüncəsinin mənəvi simvoluna çevrilmişdir. Bildirilib ki, Cümhuriyyət qurucularının gəncliyə əmanət etdiyi müqəddəs üçrəngli bayrağımız bu gün qəhrəman Azərbaycan Ordusunun şücaəti, şəhid və qazilərimizin igidliyi, Cənab Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində suveren ölkəmizin hər bir guşəsində qürurla dalğalanır.

Sonda tədbir iştirakçıları qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə təbrik edilib, dövlətimizin əbədi, dilimizin uca və istiqlalımızın sarsılmaz olması arzulanıb.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.

Science.gov.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.