Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
İyn 05 , 2026 | 10:00 /
Oxunma ( 16 )

Ümumdünya Ətraf Mühit Günü ətraf mühitin mühafizəsinin vacibliyini ön plana çıxarmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis olunmuş və hər il iyunun 5-də qeyd edilən beynəlxalq əhəmiyyətli günlərdən biridir. Bu tarix ekoloqlar və təbiətin qorunması sahəsində fəaliyyət göstərən qurumlar üçün cəmiyyətin diqqətini ekoloji problemlərə yönəltmək, həmçinin ətraf mühitin mühafizəsi istiqamətində siyasi iradə və praktiki təşəbbüsləri gücləndirmək baxımından mühüm platforma hesab edilir.

Gencalimler.az olan məlumata görə, bu ekoloji əlamətdar gün 1972-ci il dekabrın 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qətnamə əsasında təsis olunub. Bayramın iyunun 5-nə təsadüf etməsi təsadüfi deyil. Belə ki, 1972-ci ilin məhz həmin günündə Stokholm şəhərində İnsan Ətraf Mühiti üzrə Konfrans fəaliyyətə başlayıb. Konfransın nəticəsi olaraq BMT-nin Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Bir çox ölkələrdə bu tarix həm də Ekoloqlar Günü kimi qeyd edilir.

İnsan həm təbiətin ayrılmaz tərkib hissəsidir, həm də onu dəyişdirə bilən əsas amillərdən biridir. Ətraf mühit insanların fiziki mövcudluğunu təmin etməklə yanaşı, onların intellektual, mənəvi, sosial və ruhani inkişafı üçün də əlverişli şərait yaradır. Elmi-texniki tərəqqinin sürətlənməsi nəticəsində bəşəriyyət təbiətə misli görünməmiş səviyyədə təsir göstərmək imkanına sahib olub. Bu səbəbdən həm təbii, həm də insan fəaliyyəti nəticəsində formalaşan mühit insanların rifahının və fundamental hüquqlarının, xüsusilə yaşamaq hüququnun qorunmasında mühüm əhəmiyyət daşıyır.

Bu günün əsas məqsədi insanlarda ətraf mühitin qorunmasına şəxsi töhfə vermək məsuliyyəti formalaşdırmaq və planetin həyat dəstək sistemlərinə yönələn təzyiqlərin təhlükəli həddə çatmasının qarşısını almaq üçün daha geniş ictimai fəallığı təşviq etməkdir.

Bu gün dünyanın bütün ekosistemləri müxtəlif təhlükələrlə üz-üzədir. Meşələrdən və quraq zonalardan başlayaraq əkin sahələri və göllərə qədər insanların həyatı üçün vacib olan təbii mühitlər geri dönməsi çətin olan həddə yaxınlaşır. Hazırda Yer səthindəki torpaqların 40 faizi deqradasiyaya məruz qalıb və bu proses dünya əhalisinin yarısına birbaşa təsir göstərir. 2000-ci ildən etibarən quraqlıqların həm tezliyi, həm də davametmə müddəti 29 faiz artıb. Əgər təxirəsalınmaz tədbirlər görülməzsə, 2050-ci ilə qədər dünya əhalisinin dörddə üçündən çoxu quraqlığın mənfi nəticələrini hiss edə bilər.

Mövcud ekoloji problemlərin aradan qaldırılması iqtisadi və sosial sistemlərin təbiətlə uyğun şəkildə yenidən formalaşdırılmasını tələb edir. İnsanlıq təbiətə zərər vurmaq mərhələsindən onun bərpasına yönələn fəaliyyət modelinə keçməlidir. Davamlı və ədalətli inkişafın təşviqi, ekoloji məsələlərin həllində ictimai iştirakçılığın artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi gələcək nəsillər üçün daha təhlükəsiz, sağlam və firavan bir dünyanın qurulmasına töhfə verə bilər.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.