Memarlıq və İncəsənət İnstitutunun gənc tədqiqatçısının məqaləsi Avropanın nüfuzlu jurnalında dərc edilib
İyl 01 , 2026 | 12:08 / Elmi nəşrlər
Oxunma ( 60 )

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun gənc tədqiqatçısı, “Memarlıq abidələrinin qorunması və bərpa problemləri” şöbəsinin kiçik elmi işçisi Nigar Ramazanova müəllifi olduğu “XIX-XX əsrlərdə Azərbaycan memarlıq irsində Alman memarlıq ənənələrinin təşəkkülü və inkişaf xüsusiyyətləri” adlı məqalə Polşanın nüfuzlu beynəlxalq elmi jurnalında çap olunub.

Məqalədə XIX əsrdə Almaniyanın Vürtemberq bölgəsindən Azərbaycanın qərb ərazilərinə köç etmiş alman icmalarının fəaliyyəti və sonrakı dövrlərdə alman memarlarının ölkənin memarlıq mühitinə verdiyi töhfələr araşdırılır.

Azərbaycanın qərb bölgələrində, xüsusilə Gəncə, Gədəbəy və Şəmkir ərazilərində formalaşan alman memarlıq irsi regional xüsusiyyətlər, iqlim amilləri və yerli memarlıq ənənələri ilə qarşılıqlı əlaqədə inkişaf etmişdir. Tədqiqat çərçivəsində Siemens qardaşlarının 1879–1883-cü illərdə Gədəbəydə inşa etdirdiyi sənaye və yaşayış binaları, eləcə də körpülərin memarlıq-mühəndislik xüsusiyyətləri xüsusi vurğulanır. Araşdırmada Göygölün (Helenendorf) alman yaşayış məntəqəsi kimi formalaşması və onun planlaşdırma prinsiplərinin yerli memarlıq mühitinə təsiri də diqqət mərkəzinə alınır.

Bununla yanaşı, alman mənşəli memarlar Nikolay Avqustoviç fon der Nonne, İvan Vasilieviç Edel və Adolf Eyxlerin Bakı memarlığının inkişafında oynadığı roldan danışılır. Onların layihələrində Avropa memarlıq üslubları ilə Şərq memarlıq elementlərinin sintezi Azərbaycan memarlıq irsinin çoxşaxəli xarakter qazanmasına səbəb olmuşdur. Xüsusilə Adolf Eyxlerin fəaliyyəti Azərbaycan memarlıq tarixində mühüm mərhələ kimi qiymətləndirilmişdir. Məhz onun layihələri vasitəsilə Bakı memarlıq mühitində qotik üslub elementləri geniş şəkildə tətbiq edilmiş. Nikolay Avqustoviç fon der Nonnenin şəhərsalma layihələri isə Bakının ənənəvi müsəlman şəhər quruluşundan Avropa tipli şəhər modelinə keçid prosesində mühüm rol oynamışdır.

Məqalə ilə daha ətraflı https://colloquium-journal.org/wp-https://gencalimler.az/az/content/uploads/2026/06/Colloquium-journal-2026-281-1.pdf linkindən istifadə edərək tanış ola bilərsiniz.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.