Gənclər Akademiyasının sədr müavini fəxri fərmanla təltif olunub
İyl 17 , 2026 | 10:15 /
Oxunma ( 32 )

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışının 57-ci ildönümünə həsr olunmuş “Azərbaycanın müasir inkişaf konsepsiyasının təməl mərhələsi” adlı lektoriya keçirilib.
Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının, Azərbaycan Milli Elmlər Akademiyasının və Mərkəzi Elmi Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, elm və təhsil ictimaiyyətinin nümayəndələri, gənc alimlər və tələbələr iştirak ediblər.
​Tədbirdə Ümummilli lider Heydər Əliyevin dövlətçilik irsi, müasir Azərbaycan dövlətinin inkişaf strategiyasının formalaşmasında oynadığı mühüm rol, elmin, təhsilin və milli-mənəvi dəyərlərin inkişafına göstərdiyi diqqət və qayğı barəsində çıxışlar dinlənilib.
​Mərasim çərçivəsində bir sıra fəal gənclər və ictimai-siyasi həyatda fərqlənən şəxslər mükafatlandırılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Gənclər Akademiyasının sədr müavini, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəfa Şakir qızı Əliyeva “Şəhərsalma və Memarlıq İli” çərçivəsində partiyanın ictimai-siyasi fəaliyyətində fəal iştirakına görə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunub.
Qeyd edək ki, Şəfa Əliyeva AMEA Gənclər Akademiyasında həyata keçirilən elmi, maarifləndirici və ictimai layihələrdə fəal iştirak edir, gənclərin elmə cəlb olunması və elmi fəaliyyətinin təşviqi istiqamətində mühüm işlər görür.
Təltif onun elmi və ictimai fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirilir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.