Milli mətbuatın 151 illik maarifçilik ənənələri və elmin təbliği
İyl 21 , 2026 | 03:15 /
Oxunma ( 23 )

İyulun 22-də Azərbaycan mətbuatının yaranmasının 151 ili tamam olur. 1875-ci ildə böyük mütəfəkkir Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən dövr ərzində xalqın maariflənməsində, ictimai fikrin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında və elmi biliklərin təbliğində mühüm rol oynamışdır. “Əkinçi” yalnız ilk milli qəzet deyil, həm də elmə, təhsilə və tərəqqiyə çağırış edən, cəmiyyətin inkişafını maarifçiliyin, demokratiyanın geniş yayılmasında görən mütərəqqi ideyanın daşıyıcısı idi. Bu ənənələr sonrakı dövrlərdə Azərbaycan mətbuatının inkişafına istiqamət vermiş, elmi fikrin və mədəni irsin geniş ictimaiyyətə çatdırılmasında böyük əhəmiyyət kəsb etmişdir.

Bu gün rəqəmsal və süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi, informasiya axınının misilsiz dərəcədə artdığı müasir dövrdə də milli mətbuat öz maarifçilik missiyasını uğurla davam etdirir. Xüsusilə elmi biliklərin cəmiyyətə çatdırılması, etibarlı informasiya mühitinin formalaşdırılması və milli-mədəni irsin təbliği istiqamətində jurnalistikanın, mətbuat nümayəndələrinin üzərinə mühüm vəzifələr düşür. Azərbaycan Milli Elmlər Akademiyası da bu prosesdə elmi nəticələrin ictimaiyyətə çatdırılması, elmin irsin qorunması, təbliği və populyarlaşdırılması sahəsində media ilə səmərəli əməkdaşlığa xüsusi önəm verir.

Akademiyanın çoxsaylı elmi nəşrləri, jurnalları, kitabları, monoqrafiyaları, eləcə də rəsmi informasiya resursları və media platformaları ölkənin elmi və intellektual potensialının tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir. Eyni zamanda, AMEA-da keçirilən elmi tədbirlər, konfranslar, yubiley mərasimləri və mühüm elmi nailiyyətlərin operativ şəkildə ictimaiyyətə təqdim olunması akademik mühitlə cəmiyyət arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Bu baxımdan ən əlamətdar hadisələrdən biri də cari ildə AMEA-da I Türkoloji Qurultayın 100 illiyi münasibətilə geniş silsilə tədbirlərin keçirilməsi olmuşdur. Bu münasibətlə Akademiya və onun elmi müəssisələrində müxtəlif səpkili tədbirlər, elmi sessiyalar, dəyirmi masalar, kitab təqdimatları və sərgilər təşkil edilmiş, Türkoloji Qurultayın Azərbaycan milli-mədəni fikrinin Türk dünyasına inteqrasiyası tarixindəki müstəsna rolu geniş şəkildə təhlil edilmişdir. Yubiley çərçivəsində hazırlanan kitablar, monoqrafiyalar, məqalələr və digər elmi nəşrlər, eləcə də AMEA-nın informasiya resurslarında dərc olunan müsahibə və analitik yazılar Qurultaya dair elmi irsin geniş ictimaiyyətə çatdırılmasına, onun gələcək nəsillər üçün qorunub saxlanılmasına və təbliğinə mühüm töhfə vermişdir.

Cari il ərzində dövlətçilik ənənələrinin təbliği, milli maraqların qorunması və hüquqi dəyərlərin təşviqinə yönəlmiş silsilə tədbirlər keçirilmiş, ictimaiyyətin bu sahədə məlumatlandırılmasına xüsusi diqqət yetirilmişdir. Bu baxımdan, cəmiyyətin obyektiv, dəqiq və etibarlı informasiya ilə təmin olunmasında medianın üzərinə böyük məsuliyyət düşür. AMEA da bu  istiqamətdə alim və mütəxəssislərin fəaliyyətinin, elmi tədqiqat nəticələrinin geniş ictimaiyyətə təqdim olunması məqsədilə media ilə əməkdaşlığın inkişafına xüsusi önəm verir.

Onu da qeyd etmək lazımdır ki, cari il iyulun 13-də  keçirilən IV Şuşa Qlobal Media Forumu ölkəmizdə media siyasətinə verilən önəmin, mətbuat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin bariz nümunəsi kimi yadda qaldı. “Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan Forum dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək qlobal informasiya məkanında aktual məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynadı.

Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakçılarla ənənəvi görüşü və çoxsaylı sualları açıq, səmimi və ətraflı şəkildə cavablandırması dövlət başçısının media ilə dialoqa, jurnalist peşəsinə və obyektiv informasiyanın cəmiyyətdəki roluna verdiyi yüksək dəyərin daha bir ifadəsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə media sahəsində həyata keçirilən ardıcıl islahatlar, jurnalistlərin fəaliyyətinin dəstəklənməsi, peşəkar medianın inkişafı və beynəlxalq media əməkdaşlığının genişləndirilməsi istiqamətində görülən işlər milli mətbuatın müasir dövrün çağırışlarına uyğun inkişafına mühüm töhfə verir.

Əminik ki, Azərbaycan mətbuatı çoxillik zəngin ənənələrinə sadiq qalaraq bundan sonra da uğurla inkişaf edəcək, cəmiyyətin obyektiv, dolğun və etibarlı informasiya ilə təmin olunmasına, milli-mənəvi dəyərlərin, elm və təhsilin təbliğinə öz dəyərli töhfəsini verəcəkdir. Eyni zamanda, AMEA mətbuatı elmi biliklərin populyarlaşdırılması, geniş ictimaiyyətə çatdırılması və akademik irsin qorunması istiqamətində fəaliyyətini müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirəcək, elm və cəmiyyət arasında körpünün daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova

Science.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.