İyl 21 , 2026 | 03:42 /
Azərbaycan filologiyasında türk xalqları ədəbiyyatının araşdırılması, xüsusilə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin öyrənilməsi mühüm elmi istiqamətlərdən biridir. Bu sahədə aparılan tədqiqatlar əsrlər boyu formalaşmış ortaq mənəvi dəyərlərin və xalqlar arasındakı qarşılıqlı ədəbi təsirlərin üzə çıxarılmasına imkan yaradır.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin böyük elmi işçisi, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə AZƏRTAC-a müsahibəsində Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin öyrənilməsinin əhəmiyyətindən danışıb. Gənc alim qeyd edib ki, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri türk xalqları ədəbiyyatının mühüm qollarından biridir. Bu istiqamətdə aparılan tədqiqatlar iki xalqın ədəbiyyat tarixində mövcud olan qarşılıqlı əlaqələrin, ortaq dəyərlərin üzə çıxarılmasına xidmət edir. Mənim “Abdulla Qədiri və Azərbaycan ədəbiyyatı” mövzusunda apardığım araşdırma XX əsr Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin sistemli şəkildə öyrənilməsi baxımından elmi əhəmiyyət daşıyır. Tədqiqatda məşhur özbək nasiri Abdulla Qədirinin yaradıcılığının Azərbaycan ədəbi mühitində öyrənilməsi, əsərlərinin tərcüməsi və tədqiqi tarixi, eləcə də Azərbaycan yazıçıları ilə ideya-bədii paralellər müqayisəli ədəbiyyatşünaslıq metodları əsasında araşdırılıb.
Alim vurğulayıb ki, Azərbaycan və Özbəkistan xalqları əsrlər boyu ortaq mənəvi-mədəni dəyərlər əsasında inkişaf edib. Bu sahədə aparılan elmi araşdırmalar yalnız iki ölkənin ədəbi əlaqələrinin öyrənilməsi ilə məhdudlaşmır, eyni zamanda, Türk dünyasının elmi və mədəni inteqrasiyasının möhkəmlənməsinə xidmət edir.
Müsahibimiz Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti barədə də məlumat verib. O bildirib ki, Şuranın əsas məqsədi gənc alimlərin elmi potensialının inkişafına dəstək göstərmək, onların təşəbbüslərini təşviq etmək, beynəlxalq əlaqələrini genişləndirmək və elmi fəaliyyətə fəal cəlb olunmalarını təmin etməkdir.
Şəbnəm Mirzəzadə əldə olunan elmi nəticələrin yeni araşdırmalar üçün zəmin yaratdığını qeyd edərək bildirib ki, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri, türk xalqları ədəbiyyatı və müqayisəli ədəbiyyatşünaslıq istiqamətində tədqiqatlar davam etdiriləcək.
Müxbir - Tünzalə Zeyvəliyeva






17821069371782120250.jpg)











