Dilçilik İnstitutunun əməkdaşı "El-oba" düşərgəsində təlim keçib
İyl 20 , 2026 | 10:54 / Müsahibələr, çıxışlar
Oxunma ( 28 )

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 11-16 iyul 2026-cı il tarixlərində Şəki Olimpiya İdman Kompleksində "El-oba" milli adət-ənənələr düşərgəsi keçirilmişdir. Ölkənin fərqli bölgələrindən 60 gəncin qatıldığı düşərgədə milli-mədəni irsin aşılanması məqsədilə müxtəlif mövzularda, o cümlədən Azərbaycan dili üzrə təlimlər təşkil olunmuşdur.

Düşərgə çərçivəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin dialektologiyası şöbəsinin böyük elmi işçisi Aynur Saydova "Azərbaycan dilinin qorunması və inkişafında gənclərin rolu" mövzusunda təlim keçmişdir. Görüşdə dövlət dil siyasətinin əsas istiqamətləri haqqında məlumat verilmiş, dilin qorunmasında nitq mədəniyyətinin rolu və rəqəmsal mühitdə yol verilən orfoqrafik səhvlər müzakirə olunmuşdur. Azərbaycan dilinin zənginləşməsində dialektlərin rolu xüsusi vurğulanaraq iştirakçıların bu sahədəki bilikləri interaktiv sorğu vasitəsilə yoxlanılmışdır. Həmçinin dialektlərimizdə qorunub saxlanılan, lakin ədəbi dildə qarşılığı olmayan sözlər ətrafında fikir mübadiləsi aparılmışdır. Seminarda istehsalatın, elmi və bədii yaradıcılığın dilin inkişafındakı mühüm rolu qeyd edilmiş, gənclərin hər hansı yeni məhsul və ya əsər ərsəyə gətirərkən onları məhz Azərbaycan dilində adlandırmalarının vacibliyi ön plana çəkilmişdir. Beləliklə, Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr müxtəlif aspektlərdən təhlil edilərək diqqətə çatdırılmışdır.

Düşərgənin sonunda təlimçilərə və iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.