İyl 24 , 2026 | 12:02 /
Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, eləcə də rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edən, ictimai fəaliyyətləri ilə fərqlənən bir qrup gənc mükafatlandırılıb. Mükafatlandırılanlar arasında AMEA-nın Gənclər Akademiyasının sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Şəfa Əliyeva da yer alıb. Şəfa Əliyeva Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə Fəxri Fərmanla təltif edilib. Bu təltif gənclərin elmi və ictimai fəaliyyətinin dəstəklənməsi, onların ölkənin intellektual potensialının inkişafına verdiyi töhfənin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Şəfa Əliyevanın AMEA Gənclər Akademiyasındakı fəaliyyəti, gənc alimlərin elmi təşəbbüslərinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dövlət gənclər siyasətinin prioritet istiqamətlərinin həyata keçirilməsinə verdiyi töhfələr bu mükafata layiq görülməsində mühüm rol oynayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Ulu Öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə yaradılıb və ötən 32 il ərzində ölkədə dövlət gənclər siyasətinin formalaşdırılması və uğurla həyata keçirilməsində mühüm rol oynayıb.






17821069371782120250.jpg)











