Gənc tədqiqatçı: Azərbaycan-Çin elmi və ədəbi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
Avg 05 , 2026 | 02:26 / Müsahibələr, çıxışlar
Oxunma ( 22 )

Azərbaycan ilə Çin arasında əlaqələr zəngin tarixi ənənələrə malikdir. Müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu münasibətlər bu gün də uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərindən sonra isə ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoyub, iqtisadiyyat, elm, təhsil, mədəniyyət və ədəbiyyat sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli imkanlar yaranıb.

Bu fikirləri müsahibəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan - Asiya ədəbi əlaqələri şöbəsinin, Çin Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Kərimova söyləyib.

Gənc tədqiqatçı qeyd edib ki, müstəqillik dövründə Azərbaycan-Çin ədəbi əlaqələrinin formalaşması və inkişafında Ədəbiyyat İnstitutunun mühüm rolu olub. Mərkəzin fəaliyyəti çərçivəsində Azərbaycan və Çin ədəbiyyatının qarşılıqlı öyrənilməsi və tanıdılması, birgə elmi konfransların, seminarların və videokonfransların təşkili, elmi nəşrlərin mübadiləsi, eləcə də ortaq elmi tədqiqatların aparılması istiqamətində mühüm işlər görülüb.

Müsahibəsində elmi fəaliyyətindən də danışan Nərgiz Kərimova bildirib ki, 2016-cı ildə doktorantura pilləsinə qəbul olunaraq “Azərbaycan ədəbiyyatında Çin mənşəli arxetip və obrazlar” mövzusunda dissertasiya üzərində işləyib. 2017-ci ildə altı ay müddətində Çində təhsil alıb, Çin dilini öyrənib, ölkənin elm, təhsil və mədəniyyət mühiti ilə yaxından tanış olub.

“Əldə etdiyim bilik və təcrübə sonrakı elmi fəaliyyətimdə mühüm rol oynayıb. Azərbaycana qayıtdıqdan sonra fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etdim. Elmi işimdə Azərbaycan ədəbiyyatında Çin mədəniyyətinə məxsus arxetipik obrazlar və simvollar, onların formalaşma mənbələri və xüsusiyyətlərini orijinal mənbələr əsasında tədqiq etdim. Eyni zamanda, Azərbaycan və Çin müəlliflərinin əsərlərini müqayisəli şəkildə təhlil etdim”, - Nərgiz Kərimova bildirib.

Qeyd edək ki, gənc tədqiqatçı, həmçinin Pekində Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqatları İnstitutunun təşkil etdiyi “Bir kəmər, bir yol, yüksəkkeyfiyyətli inkişaf: konsepsiyalar və fəaliyyətlər” adlı beynəlxalq elmi konfransda iştirak edib. Avropa və Asiyanın 15-dən çox ölkəsindən 60-dan artıq alimin qatıldığı tədbirdə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Müxbir - Tünzalə Zeyvəliyeva

AzərTac

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.