Kimyaçı-alim Almaniyada plastiklərin depolimerləşdirilməsi üzrə tədqiqat aparıb
Avg 11 , 2026 | 03:54 /
Oxunma ( 10 )

Plastik tullantıların dövri iqtisadiyyat prinsipləri əsasında yenidən istehsal prosesinə cəlb edilməsi müasir kimya elminin aktual istiqamətlərindən biridir. Almaniyanın aparıcı kataliz tədqiqat mərkəzlərindən biri olan Leibniz Kataliz İnstitutunda plastiklərin, xüsusilə polietilen furanoatın (PEF) katalitik depolimerləşdirilməsi üzrə elmi-tədqiqat işi həyata keçirilib.

Elm Təhsil Nazirliyi Kimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, AMEA Gənclər Akademiyasının Rəqəmsal Mobillik Mərkəzinin rəhbəri, kimya üzrə fəlsəfə doktoru Günel Əzimova müsahibəsində Almaniyanın Rostok şəhərində yerləşən Leibniz Kataliz İnstitutunda apardığı elmi-tədqiqat barədə danışıb.

Araşdırmaların əsas istiqamətini plastik tullantıların depolimerləşdirilməsi, xüsusilə son illərdə fosil mənşəli plastiklərə potensial alternativ kimi diqqəti cəlb edən polietilen furanoatın katalitik depolimerləşdirilməsi təşkil edib.

PEF yenilənə bilən xammal mənbələrindən əldə edilən və polietilen tereftalata (PET) alternativ kimi nəzərdən keçirilən polimer materiallardan biridir. Onun əsas üstünlüklərindən biri PEF istehsalında istifadə olunan 2,5-furandikarboksilik turşunun (FDCA) biokütlə mənşəli xammaldan əldə edilməsinin mümkünlüyüdür. Tədqiqatın elmi əhəmiyyəti ondan ibarətdir ki, burada yalnız plastik tullantının parçalanması deyil, eyni zamanda, prosesin səmərəliliyini müəyyən edən katalitik sistemlərin quruluşu ilə onların katalitik xüsusiyyətləri arasındakı əlaqələrin öyrənilməsi nəzərdə tutulur.

Bu istiqamət plastiklərin idarə olunmasında ənənəvi mexaniki təkrar emalın qarşılaşdığı bir sıra məhdudiyyətlərin aradan qaldırılması baxımından da əhəmiyyətlidir. Müxtəlif plastik növlərinin qarışması, çirklənmə və təkrar emal nəticəsində material xüsusiyyətlərinin tədricən zəifləməsi mexaniki təkrar emal proseslərinin səmərəliliyini məhdudlaşdıra bilir. Kimyəvi depolimerləşmə isə müəyyən polimerlərin monomer və ya digər dəyərli kimyəvi məhsullara çevrilməsinə imkan yaratmaqla materialların daha yüksək dəyər zəncirində yenidən istifadəsi üçün perspektiv açır. Plastik tullantıların kimyəvi emalına dair bu yanaşmanın əsas məqsədlərindən biri materialların “istifadə et və at” modelindən çıxarılaraq dövri iqtisadiyyat prinsipləri əsasında yenidən istehsal prosesinə qaytarılmasıdır. Depolimerləşmə nəticəsində əldə olunan monomerlərin yeni polimer materialların istehsalında istifadə edilməsi ilkin xammala olan tələbatın və bununla bağlı resurs itkilərinin azaldılmasına imkan verə bilər.

Gənc tədqiqatçı Almaniyada əldə etdiyi elmi təcrübənin Azərbaycan elmi mühitində davam etdirilməsi elmi baxımdan həm fundamental, həm də tətbiqi xarakter daşıyır. Tədqiqat istiqaməti, eyni zamanda, Azərbaycan alimlərinin beynəlxalq elmi əməkdaşlıq və akademik mobillik çərçivəsində əldə etdikləri təcrübənin ölkədə yeni elmi istiqamətlərin inkişafına inteqrasiyası baxımından əhəmiyyətlidir.

AzərTac

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.