Sen 07 , 2026 | 04:00 /
Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının tərəfdaşlığı və AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə keçirilən “Kəndə gəl” yay düşərgəsinin bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimov, AMEA Rəyasət Heyəti Aparatının Elmin populyarlaşdırılması şöbəsinin müdiri, biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov, AMEA Gənclər Akademiyasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Elmir Babayev, eləcə də düşərgə iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimov çıxış edib. O, “Kəndə gəl” yay düşərgəsinin gənc alim və tədqiqatçıların bir araya gəlməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif elm sahələri üzrə fikir mübadiləsinin aparılması və komanda əməkdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra AMEA Rəyasət Heyəti Aparatının Elmin populyarlaşdırılması şöbəsinin müdiri, biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə çıxış edərək AMEA-nın rəhbərliyi adından düşərgənin iştirakçılarını salamlayıb və təşkilatçılara təşəkkürünü bildirib. Gəncləri daha geniş elmlə məşğul olmağa çağırış edib və gələcəkdə əldə etdikləri nəticələri kəndlərin inkişafı üçün tətbiq etməyi tövsiyə edib. Eyni zamanda elmi və peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov çıxışında Şəkinin elmi, tarixi və mədəni mühitinin gənc tədqiqatçıların dünyagörüşünün zənginləşməsində mühüm rol oynadığını qeyd edib. O, düşərgə iştirakçılarının Şəki Regional Elmi Mərkəzi ilə tanışlığının və regionun elmi-mədəni irsinə göstərilən diqqətin əhəmiyyətini vurğulayıb.
AMEA Gənclər Akademiyasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Elmir Babayev isə çıxışında düşərgənin gənc alim və tədqiqatçıların elmi potensialının üzə çıxarılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və gənclər arasında komanda ruhunun formalaşdırılması baxımından səmərəli olduğunu bildirib. O, iştirakçıları fəal mövqelərinə görə təbrik edib və gələcək layihələrdə uğurlar arzulayıb.
Rəsmi çıxışlardan sonra iştirakçıların hazırladığı konsert proqramı təqdim olunub. Proqram çərçivəsində səhnəciklər nümayiş etdirilib, musiqi və rəqs nömrələri təqdim olunub. Rəngarəng proqram iştirakçıların alqışları ilə qarşılanıb.
Daha sonra düşərgə çərçivəsində keçirilən voleybol yarışının qalibləri və intellektual oyunda fərqlənən komandalar mükafatlandırılıb. Yarışlarda fəal iştirak edən və yüksək nəticə göstərən gənclərə müvafiq mükafatlar təqdim olunub.
Bağlanış mərasimində düşərgənin bütün iştirakçılarına sertifikatlar təqdim edilib. Sonda iştirakçılar və təşkilatçılarla birlikdə xatirə şəkilləri çəkdirilib.
Beləliklə, 2–7 sentyabr tarixlərində Şəkidə keçirilən “Kəndə gəl” yay düşərgəsi elmi məruzə və təqdimatlar, təlimlər, intellektual və idman yarışları, ekskursiyalar, mədəni proqramlar və komanda fəaliyyətlərini özündə birləşdirən zəngin proqramla başa çatıb. Düşərgə gənc alim və tədqiqatçıların müxtəlif elm sahələri üzrə bilik və təcrübələrini bölüşməsi, yeni əməkdaşlıq imkanları yaratması, eləcə də Şəkinin tarixi-mədəni irsi və regional elmi potensialı ilə yaxından tanış olması baxımından əhəmiyyətli olub.


















