Sen 09 , 2026 | 10:10 /
Yay düşərgələri gənc alim və tədqiqatçıların elmi və peşəkar inkişafına, onların yeni ideyalar ətrafında bir araya gəlməsinə və müxtəlif elm sahələri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına mühüm töhfə verir. Düşərgə, həmçinin gənclərin regionların potensialını daha yaxından öyrənməsi, elmi biliklərin praktiki tətbiqi, komanda işi və innovativ düşüncə bacarıqlarının inkişafı baxımından əhəmiyyətli platforma olur.
AMEA Gənclər Akademiyasının sədri dosent Elmir Babayev AZƏRTAC-a açıqlamasında “Kəndə gəl” yay düşərgəsinin əhəmiyyətindən danışarkən bildirib ki, düşərgə gənc alim və tədqiqatçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi, yeni ideyaların formalaşdırılması və müxtəlif elm sahələri arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olub.
Onun sözlərinə görə, düşərgə müddətində gənclərin regionların inkişafı, kənd ərazilərinin potensialından səmərəli istifadə, ekoturizm, kənd təsərrüfatında innovativ texnologiyalar, süni intellekt və digər aktual istiqamətlər üzrə fikir mübadiləsi aparması üçün əlverişli şərait yaradılıb. AMEA Gənclər Akademiyasının sədri vurğulayıb ki, komanda şəklində layihələrin hazırlanması da düşərgənin mühüm istiqamətlərindən olub.
“Bizim üçün vacib olan gənclərin yalnız elmi biliklərini artırması deyil, həm də həmin bilikləri real problemlərin həllinə tətbiq edə bilməsidir. “Kəndə gəl”’ düşərgəsi bu baxımdan gənc tədqiqatçıların potensialını üzə çıxarmaq və onların praktiki düşüncə imkanlarını inkişaf etdirmək üçün yaxşı fürsət oldu”, - deyə E.Babayev bildirib. O əlavə edib ki, düşərgənin Şəkidə keçirilməsi iştirakçıların regionun tarixi, mədəni və elmi potensialı ilə yaxından tanış olmasına imkan verib. Eyni zamanda, qeyri-formal ünsiyyət, intellektual və idman oyunları gənclər arasında dostluq və komanda ruhunun möhkəmlənməsinə xidmət edib.
Elmir Babayevin sözlərinə görə, “Kəndə gəl” yay düşərgəsi gələcəkdə gənc alimlərin iştirakı ilə bu formatda yeni təşəbbüslərin həyata keçirilməsi üçün də mühüm təcrübə yaradıb: “İnanırıq ki, düşərgə çərçivəsində yaranan ideyalar və əməkdaşlıq əlaqələri gələcəkdə yeni elmi layihələrə və birgə təşəbbüslərə çevriləcək”.


















