Sen 23 , 2026 | 04:51 / Görüşlər
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərinin iştirakı ilə 22 sentyabr 2026-cı il tarixində Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində rayon məktəblərinin şagirdləri və əməkdaşları üçün “Zəlzələ zamanı düzgün davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbində keçirilən tədbirdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Səmədzadə layihə barədə iştirakçılara ətraflı məlumat verib. O, “Zəlzələ zamanı düzgün davranış qaydaları”nın hər bir şəxs tərəfindən öyrənilməsinin və zəlzələ zamanı düzgün davranış vərdişlərinin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Daha sonra Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Aytən Babazadə “Zəlzələ zamanı düzgün davranış qaydaları” mövzusunda təqdimatla çıxış edib.
Tədbirin sonunda “Zəlzələ zamanı düzgün davranış qaydaları”na həsr olunmuş interaktiv oyun keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təlim iştirakçılarına sertifikatlar təqdim olunub.


















