Okt 06 , 2026 | 11:58 / Müsahibələr, çıxışlar
Fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov ömrünün böyük hissəsini Azərbaycan elminin və təhsilinin inkişafına həsr edib. Görkəmli alim bu günlərdə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb. Professor müsahibəsində onu elmə gətirən yoldan, təhsil sahəsində gördüyü işlərdən danışıb və gənclərlə bağlı tövsiyələrini bölüşüb. Müsahibəni təqdim edirik.
– Misir müəllim, bu günlərdə sizin 80 yaşınız tamam oldu. Bu illərə nəzər salanda həyatınızın ən böyük qazancı nə olub?
– Əsas qazancım bu olub ki, ömrüm boyu Vətənimə, xalqıma xidmət etməyə çalışmışam və hesab edirəm ki, bu, öz nəticəsini verib və verməkdədir.
Bu gün mən 100-200 metr piyada gedərkən rast gəldiyim insanların böyük əksəriyyəti mənimlə çox xoş məramla görüşürlər, hal-əhval tuturlar, keçmiş günləri yada salırlar. Heç kəsin yanında gözükölgəli deyiləm.
Digər bir qazancım isə həyatda çox yaxşı insanlara rast gəlməyim olub. Mənə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin fərqlənmə diplomunu Azərbaycanın çox böyük təhsil təşkilatçısı, o zaman da rektor olmuş Mehdi Əliyev verib. Mənə universitetdə böyük şəxsiyyətlər dərs deyiblər.
Ən böyük qazanclarımdan biri də 1997-ci ilin fevral ayının əvvəlində Ulu Öndər Heydər Əliyevlə görüşmək imkanımın olmasıdır. O, məni qəbul etdi. Çox geniş söhbətdən sonra məni Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin etdi. Fikrimcə, alim üçün, professor üçün Bakı Dövlət Universitetində çalışmaqdan və onun rektoru olmaqdan böyük qazanc və uğur ola bilməz.
Təxminən il yarım işləyəndən sonra yenə Ulu Öndər məni qəbul etdi və təhsil naziri vəzifəsinə təyin etdi. On beş il təhsil naziri olmuşam.
Həyatımda dövlət başçıları tərəfindən dörd dəfə yüksək mükafatlara layiq görülmüşəm. Birincisini mənə 2000-ci ildə Ulu Öndər Heydər Əliyev verib. Qalan üçünü – “Şöhrət” ordenini, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini və “Şərəf” ordenini Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə olub. Heç zaman unuda bilmərəm ki, mənim sadə əməyimi həm Ulu Öndər, həm də Prezident İlham Əliyev yüksək mükafatla qiymətləndiriblər.
– Sizi elmə gətirən və bu yolda formalaşdıran insanlar kimlər olub?
– Məni elmə gətirən ilk növbədə orta məktəbdə riyaziyyat müəllimim Mürsəl Budaqov olub. O mənə 8, 9, 10-cu siniflərdə riyaziyyat dərsi deyib. Riyaziyyatla məşğul olmağımın əsasını Mürsəl müəllim qoyub. Davamında isə mənə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin müəllimləri – Qoşqar Əhmədov, Kazım Həsənov, Maqsud Cavadov, Əşrəf Hüseynov, Cəlal Allahverdiyev, Yəhya Məmmədov, Arif İsmayılov, Qorxmaz Xudaverdiyev, Mirabbas Qasımov, Fərəməz Maqsudov və digər riyaziyyatçılar yol göstəriblər. Onlar məni bu elmə yönəldiblər, elmdə inkişaf etməyimdə həmişə mənə kömək ediblər.
– Təhsilin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
– Təhsilin bugünkü vəziyyətini, əlbəttə, mən tam obyektiv qiymətləndirə bilmərəm. Çünki xeyli müddətdir təhsil sistemindən ayrılmışam. Ancaq hər halda kənardan da olsa, apardığım müşahidələrin nəticəsində onu söyləyə bilərəm ki, təhsil hər bir dövlətin ən ağır, ən geniş və ən mürəkkəb sahəsidir. Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq.
Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi. Bu gün həmin məsələ yavaş-yavaş, hissə-hissə öz həllini tapmaqdadır. İndi müəllimlərin əməkhaqqı mənim dövrümə nisbətən hiss olunacaq dərəcədə artıb və ilbəil artmaqda davam edir. Məktəb direktorlarının əməkhaqqı da artıb. Bu da çox yaxşı işdir.
Beynəlxalq təcrübə öyrənilir, ölkəmizə gətirilir və tətbiq olunur. Dərsliklərin və dərs vəsaitlərinin çapına çox ciddi fikir verilir. Kurikulum islahatı ölkəmizdə davam edir. Məktəblərimiz müasir avadanlıqlarla təchiz olunur.
– Gənc nəslə, mesajınız nədir və süni intellekt dövründə Azərbaycanda riyaziyyat elminin inkişafı üçün hansı addımlar atılmalıdır?
– Ümumiyyətlə, gənclərə ilk mesajım bundan ibarətdir ki, bu gün onlar müstəqil, suveren, ərazi bütövlüyü tam təmin olunmuş ölkənin vətəndaşları olduqlarını bilsinlər. Bu günə gəlmək üçün Azərbaycan xalqı minlərlə şəhid verib. Bunu bir dəqiqə də yaddan çıxarmaq olmaz.
Gənclərə tövsiyə edərdim ki, ana dilini yaxşı bilsinlər, xalqının, dövlətinin tarixini yaxşı öyrənsinlər. Həmçinin ingilis dilini öyrənsinlər, müasir təlim texnologiyalarına yaxşı yiyələnsinlər.
Süni intellekt əsrinə gəlib çatmışıq. Bu məsələləri ciddi şəkildə öyrənsinlər və nə qədər ki, imkanları var, oxusunlar. Ölkədə və dünyada öz sahələrində baş verən hadisələrlə yaxından tanış olsunlar və öz xalqına, Vətəninə ləyaqətlə xidmət etmək imkanına malik olsunlar.


















