Okt 07 , 2026 | 10:22 / Mühüm hadisələr
Sloveniyanın paytaxtı Lyublyana şəhərində Gənc folklorşünasların ənənəvi 15-ci beynəlxalq konfransı (15th International Conference of Young Folklorists) təşkil olunub.
"Sərhədləri aşaraq, dünyaları birləşdirərək" ("Transcending Boundaries, Connecting Worlds") mövzusuna həsr olunmuş mötəbər elmi tədbirdə AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin əyani doktorantı Amil Əzimli məruzə ilə çıxış edib.
Gənc tədqiqatçı konfransda "Azərbaycan və Sloveniya folklorunda qəhrəman modeli: müqayisəli-tipoloji analiz" adlı elmi məruzəsini təqdim edib. Məruzədə Cənubi Qafqaz və Cənub-Şərqi Avropa folklor arealına aid epik mətnlər müqayisəli-tipoloji metoda əsaslanaraq ətraflı təhlilə cəlb olunub. Tədqiqatçı ilk olaraq hər iki xalqın qəhrəmanlıq ənənəsində təzahür edən ortaq mifoloji təfəkkür qatlarını və arxetipik strukturları xüsusilə "Koroğlu" eposu kontekstində diqqətə çatdırıb.
Daha sonra qəhrəman obrazlarının tarixi-mədəni transformasiyası, onların dini, siyasi və sosial amillərlə şərtlənən fərqlilikləri, həmçinin xalq yaddaşındakı ictimai etiraz və sosial ədalət funksiyaları elmi əsaslarla şərh edilib. Bildirilib ki, fərqli coğrafiyalarda və etno-mədəni mühitlərdə formalaşmasına baxmayaraq, xalq qəhrəmanlarının mənəvi-etik kodeksləri və zülmə qarşı müqavimət modeli universal paralelliklər nümayiş etdirir.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ilə bağlı müzakirə aparılıb.


















