Gənclər Akademiyasının üzvü Nobel mükafatı ilə bağlı müsahibə verib
Okt 15 , 2026 | 01:45 / Müsahibələr, çıxışlar
Oxunma ( 125 )

Elmi nailiyyətin orijinallığı, etibarlılığı, digər sahələrə təsiri və uzunmüddətli əhəmiyyəti Nobel mükafatının əsas qiymətləndirmə meyarları sırasındadır.
Bunu Crossmedia.az-a müsahibəsində AMEA Gənclər Akademiyasının Rəqəmsal Mobillik Mərkəzinin rəhbəri, kimya üzrə fəlsəfə doktoru Günel Əzimova deyib. Onun fikrincə, əsas məsələ yalnız yeni kəşfin edilməsi deyil, həmin kəşfin kimya elminin düşüncə tərzini və imkanlarını necə dəyişdirməsidirr:
“Burada söhbət mövcud biliklərin sadəcə genişləndirilməsindən deyil, kimyəvi proseslərin anlaşılmasında keyfiyyətcə yeni mərhələnin yaradılmasından gedir. Yeni reaksiya mexanizminin müəyyən edilməsi, maddələrin quruluşu və xassələri arasındakı əlaqənin izah olunması, katalizdə yeni prinsipin kəşfi və ya əvvəllər mümkün hesab edilməyən kimyəvi çevrilmənin həyata keçirilməsi belə nailiyyətlər sırasına daxil ola bilər”.

O bildirib ki, elmi yeniliklə yanaşı, kəşfin etibarlılığı və sübutlarla əsaslandırılması da vacibdir: “Elmi nailiyyətin dəyəri yalnız onun nə qədər qeyri-adi görünməsi ilə deyil, təqdim olunan sübutların gücü ilə müəyyən olunur. Nəticələrin metodoloji baxımdan düzgün əldə edilməsi, sübutların irəli sürülən iddiaları dəstəkləməsi və müvafiq hallarda digər tədqiqatçılar tərəfindən təsdiqlənə bilməsi əhəmiyyət daşıyır”.
Günel Əzimovanın sözlərinə görə, kimya üzrə mühüm kəşflər təkcə bu elmlə məhdudlaşmır, fizika, biologiya, tibb, materialşünaslıq, energetika və ətraf mühit elmlərində də yeni imkanlar yarada bilir: “Fundamental elmin əhəmiyyəti bəzən onun praktiki tətbiqlərindən daha əvvəl üzə çıxır. Buna görə də Nobel mükafatına layiq görülmək üçün kəşfin mütləq dərhal kommersiya məhsuluna çevrilməsi və ya qısa müddətdə iqtisadi gəlir gətirməsi şərt deyil. Kəşfin uzunmüddətli təsiri, sonrakı tədqiqatlara verdiyi istiqamət və yeni texnologiyaların yaranmasına yaratdığı imkanlar da nəzərə alınır”.

O, 2026-cı il Kimya üzrə Nobel mükafatını bu meyarların konkret elmi nümunəsi kimi qiymətləndirib. İsveç Kral Elmlər Akademiyasının rəsmi elanına əsasən, mükafat Henri B. Kagan və Kenso Soaiyə asimmetrik üzvi sintezdə qeyri-xətti effektlərin və avtokatalizin kəşfinə görə verilib: “Bəzi molekullar bir-birinin güzgü əksi olan iki formada mövcuddur. İnsan əllərinin sağ və sol əllər kimi bir-birinin güzgü əksi olması ilə müqayisə edilə bilən bu xüsusiyyət xiralıq adlanır. Molekulların bu iki forması eyni atom tərkibinə malik olsa da, bioloji sistemlərlə qarşılıqlı təsirləri fərqlənə bilər. Buna görə də molekulyar xiralığın idarə olunması müasir dərman kimyası və üzvi sintez üçün xüsusi əhəmiyyət daşıyır”.
Alimin sözlərinə görə, avtokataliz və asimmetrik sintezlə bağlı tədqiqatlar kimyəvi sistemlərdə kiçik asimmetriyanın necə güclənə bildiyini anlamağa imkan verir: “Avtokataliz zamanı reaksiya nəticəsində yaranan məhsul eyni zamanda həmin reaksiyanın gedişini sürətləndirə bilir. Asimmetrik sintezdə isə müəyyən xiral formanın üstünlüyü bəzi hallarda qeyri-xətti şəkildə arta bilər. Bu hadisələrin öyrənilməsi həyatın kimyasında molekulların niyə çox vaxt yalnız bir güzgü formasına üstünlük verdiyi sualının araşdırılması baxımından da əhəmiyyətlidir. Bununla belə, həmin nəticələri həyatın mənşəyi probleminin tam həlli kimi təqdim etmək düzgün olmazdı”.

O, Azərbaycanda kimya elminin beynəlxalq səviyyədə tanınması üçün perspektivli tədqiqat istiqamətlərinin olduğunu bildirib. Neft-kimya prosesləri, kataliz, nanomateriallar, polimerlər, membran texnologiyaları, hidrogen enerjisi, karbon qazının tutulması və çevrilməsi, eləcə də ekoloji kimya bu istiqamətlər sırasındadır: “Beynəlxalq elmi uğur əldə etmək üçün yalnız mövcud texnologiyaların təkmilləşdirilməsi ilə kifayətlənmək lazım deyil. Yeni fundamental prinsiplərin, qeyri-adi reaksiyaların və əvvəllər məlum olmayan mexanizmlərin kəşfinə yönəlmək vacibdir”.

Günel Əzimova gənc alimlərin dəstəklənməsini, müasir laboratoriyaların yaradılmasını və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsini də mühüm amillərdən hesab edir: “Azərbaycan alimlərinin tədqiqatlarının nüfuzlu jurnallarda dərc olunması, beynəlxalq konfranslarda iştirak etməsi və aparıcı elmi qruplarla uzunmüddətli əməkdaşlıq qurması vacibdir. Azərbaycanın gələcək Nobel perspektivləri yalnız arzu ilə deyil, uzunmüddətli elmi siyasət, yaradıcı tədqiqat mühiti və fundamental elmdə yeni kəşflər yaratmaq məqsədi ilə formalaşa bilər. Əsas hədəf yalnız Nobel mükafatını əldə etmək deyil, dünya elminə mühüm və orijinal töhfələr verən elmi mühit qurmaq olmalıdır”.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.