Okt 12 , 2026 | 05:00 /
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Yeni Azərbaycan Partiyasının VIII qurultayında Azərbaycan Respublikası Prezidentinin nitqi və qarşıda duran vəzifələr” adlı elmi-praktiki konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Konfransda açılış nitiq ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Yeni Azərbaycan Partiyasının VIII qurultayının müstəqil Azərbaycan dövlətinin inkişafının yeni mərhələsində qarşıya qoyulan hədəf və strategiyaları müəyyən etdiyini qeyd edib. Qurultayda partiyanın Azərbaycan cəmiyyətinin inkişafında rolunun və xidmətlərinin yüksək qiymətləndirildiyini, eyni zamanda, qarşıdakı dövr üçün vəzifələrin aydın şəkildə bəyan olunduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin qurultaydakı nitqinin dərin məzmunu ilə seçildiyini vurğulayan Akademiya rəhbəri çıxışın sözün əsl mənasında müstəqillik dərsləri səviyyəsində səsləndiyini diqqətə çatdırıb. Qurultayda Partiyanın keçdiyi mübarizə yolu və əldə etdiyi nailiyyətlər təhlil edilərək, baş verən qlobal proseslərə konseptual baxış ortaya qoyulduğunu deyən akademik İsa Həbibbəyli bildirib ki, Prezidentin çıxışında səsləndirilən fikirlər müasir dünyanın reallıqlarını və Azərbaycan cəmiyyətinin qarşısında duran vəzifələri əhatə edir. Akademik İsa Həbibbəyli xüsusi olaraq vurğulayıb ki, dövlət başçısının dünya hadisələrinə Azərbaycanın reallıqları və milli maraqları kontekstində yanaşması hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti dərk etməsi baxımından mühüm əhəmiyyət daşıyır. AMEA rəhbəri müasir dünyada geosiyasi tarazlığın pozulması, müharibələr və təbii fəlakətlərin yaratdığı çətinliklər, eləcə də Azərbaycanın nailiyyətlərini qəbul etmək istəməyən qüvvələrin mövcudluğunun ölkəmizin daha da güclənməsini zəruri etdiyini bildirib. Azərbaycan Milli Elmlər Akademiyasının ölkənin ideoloji mübarizəsində hər zaman ön sıralarda olduğunu, ölkə Prezidentinin həyata keçirdiyi siyasətin elmi əsaslarla izah olunmasında, konseptual baxışların formalaşdırılmasında və gələcək nəsillərə çatdırılmasında Akademiyanın mühüm rol oynadığını bildirib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova konfransda məruzə ilə çıxış edərək oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayının Azərbaycanın Zəfər qazandığı və suverenliyini tam bərpa etdiyi dövrə təsadüf etdiyini bildirib. Qeyd edib ki, bu qurultay Partiyanın yarandığı gündən ilk dəfə tarixi qələbə şəraitində keçirilib. Prezident İlham Əliyevin VIII qurultaydakı çıxışının 1990-cı illərin çətin tarixi mərhələsindən Zəfərə qədər keçilən yolun mahiyyətini əks etdirdiyini diqqətə çatdıran deputat qurultayda ideoloji təhlükəsizlik, xarici təhdidlərə qarşı mübarizə, Zəfərdən sonra yaranan yeni reallıqlar, yeni müzakirə istiqamətlərinin müəyyənləşdirilməsi, Qarabağ və Şərqi Zəngəzura qayıdış kimi mühüm məsələlərin önə çəkildiyini vurğulayıb. Bildirib ki, belə bir mürəkkəb zamanda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin qarşısında duran mühüm problemlərin həlli, dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın bugünkü Zəfərinə aparan yolun əsasının qoyulması baxımından həlledici əhəmiyyət daşıyıb.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dinamik inkişaf edən və möhtəşəm tarixi Zəfər qazanan ölkəmizin dünya birliyində böyük nüfuza malik olduğu qeyd edib. İdeoloji fəaliyyətin qurulmasında və Azərbaycan həqiqətlərinin daha geniş auditoriyalara çatdırılmasında, habelə ictimai maarifləndirmə işində YAP üzvlərinin fəal rol oynamasının vacibliyi vurğulanıb. Sosial media və kibertəhlükələrin yaratdığı yeni informasiya mühitinin cəmiyyətdə maarifləndirmə məsələlərinə xüsusi yanaşmanı zəruri etdiyi bildirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi partiya təşkilatlarının fəaliyyətində sistemli yanaşmanın və məsuliyyətin artırılmasını tələb edir. Xüsusilə gənclərin milli dövlətçilik ənənələrinə sadiqlik ruhunda yetişdirilməsi, onların informasiya savadlılığının artırılması və rəqəmsal mühitdə düzgün mövqe nümayiş etdirmələrinin təşviqi diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda, informasiya təhlükəsizliyinin qorunması, dezinformasiya və təhrif olunmuş məlumatlara qarşı maarifləndirici fəaliyyətin gücləndirilməsi partiya üzvlərinin qarşısında duran vacib vəzifələrdəndir.
Daha sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə gənc alimlər adından çıxış edərək Azərbaycan Respublikası Prezidentinin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışını gənc tədqiqatçı mövqeyindən şərh edib. O, Azərbaycanın yeni inkişaf mərhələsində gənclərin məsuliyyətinin yalnız gələcəyin qurulması ilə məhdudlaşmadığını, onların ölkənin elmi, intellektual, mədəni və ictimai inkişafının formalaşmasında da mühüm rol oynadıqlarını bildirib. Qeyd edib ki, gənclər üçün yaradılan imkanlardan səmərəli istifadə etmək vacibdir və dövlət səviyyəsində gənclər, elm və təhsil sahələrində həyata keçirilən tədbirlər bu məsuliyyətin dərk olunması üçün mühüm əsas yaradır.


















