Noy 02 , 2026 | 05:20 / Müsahibələr, çıxışlar
AMEA-da VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-UNITWIN Şəbəkəsinin Akademik Forumu keçirilib.Forum çərçivəsində “Mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası” adlı panel təşkil olunub. Paneldə filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi Arzu İsgəndərzadə “Qloballaşan dünyada mədəniyyətlərarası dialoq kontekstində dilin qorunması” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə qloballaşma proseslərinin dillərin mədəniyyətlərarası münasibətlər sistemindəki mövqeyinə və rəqəmsal kommunikasiya mühitində təmsil olunmasına təsiri təhlil olunub. Qeyd edilib ki, hər bir dil aid olduğu xalqın kollektiv yaddaşını, mədəni təcrübəsini, milli kimliyini və dünyagörüşünü ifadə edən fundamental dəyərdir. Bu baxımdan, dillərin qorunması mədəniyyətlərarası dialoqun və mədəni müxtəlifliyin davamlılığının mühüm şərtlərindən biri kimi dəyərləndirilib.
Çıxış zamanı qlobal miqyasda dillərin mövcud vəziyyətinə dair statistik göstəricilərə diqqət çəkilib. Bununla yanaşı, UNESCO-nun 2003-cü ildə hazırladığı Language Vitality and Endangerment adlı sənəddə dilin həyat qabiliyyətinin və təhlükə vəziyyətinin qiymətləndirilməsi üçün müəyyənləşdirilmiş doqquz amil nəzərdən keçirilib. Xüsusilə dilin nəsillərarası ötürülməsi, müxtəlif kommunikativ sahələrdə istifadəsi, eləcə də sənədləşdirilməsinin həcmi və keyfiyyətinin əhəmiyyəti vurğulanıb.
Arzu İsgəndərzadə Azərbaycanın daxili dil siyasəti məsələlərinə də toxunaraq Azərbaycan Respublikası Konstitusiyasının 21-ci və 45-ci maddələrinin müddəalarına, eləcə də milli azlıqların ana dillərindən istifadə və bu dillərdə təhsil imkanlarına diqqət çəkib.
Azərbaycan dilinin funksional davamlılığının gücləndirilməsi baxımından uşaqlar və yeniyetmələr üçün Azərbaycan dilində rəqəmsal və maarifləndirici məzmunun zənginləşdirilməsi, elmi-populyar materialların, cizgi filmlərinin, interaktiv tədris resurslarının və rəqəmsal oyunların hazırlanmasının dəstəklənməsi xüsusi əhəmiyyət daşıyan istiqamətlər kimi təqdim olunub.
Yekunda dilin gələcəyinin onun müasir elmi, texnoloji və mədəni proseslərdə fəal iştirakından, gündəlik ünsiyyətdə funksionallığını qorumasından və gələcək nəsillərə ötürülməsindən asılı olduğu qeyd edilib. Arzu İsgəndərzadə dilin qorunması və inkişafının bir-birini tamamlayan proseslər olduğunu, bu istiqamətdə həyata keçirilən təşəbbüslərin milli kimliyin davamlılığına və dillərin mədəniyyətlərarası dialoqda bərabərhüquqlu iştirakına xidmət etdiyini vurğulayıb.


















