AMEA Gənc alim və mütəxəssislər şurasının üzvləri Elmin İnkişafı Fondunun icraçı direksiyasında oldular
Apr 08 , 2014 | 11:16 / Görüşlər
Oxunma ( 2918 )

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında AMEA Gənc alim və mütəxəssislər şurasının üzvləri ilə görüş keçirildi.

Görüşdə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Fondun fəaliyyəti haqqında ətraflı məlumat verdi. Azərbaycanda elmin inkişafı istiqamətində son zamanlar həyata keçirilən kompleks tədbirlərdən söz açan E.Babayev elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılmasının bu gün prioritet məsələlərdən olduğunu diqqətə çatdırdı.

Bildirdi ki, elm, təhsil və mədəniyyət sahəsinə göstərilən diqqət və qayğı AMEA-nın fəaliyyətinə də müsbət təsir göstərmiş, Elmin İnkişafı üzrə Milli Strategiyanın uğurla həyata keçirilməsini daha da sürətləndirmişdir: “Azərbaycan elminin daha sürətli inkişafı və dünya elminə inteqrasiyası üçün bütün elm sahələri üzrə prioritet istiqamətlər müəyyənləşdirilməli, gənclərin qrant layihələrdə daha fəal iştirakı təmin olunmalıdır. Fondumuzun əsas məqsədi məhz bu prosesi daha da sürətləndirmək və gənc alimlərə dəstək olmaqdır”.

E.Babayev qeyd etdi ki, hazırda AMEA Torpaqşünaslıq və Aqrokimya, eləcə dəCoğrafiya İnstitutu üçün mobil laboratoriyaların hazırlanması istiqamətində tədbirlər görülür. Həmçinin Naxçıvan və Gəncə bölmələri üçün böyük qrantların ayrılması nəzərdə tutulur.

Sonra çıxış edən Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov bildirdi ki, şuranın yaradılmasında əsas məqsəd gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, onların elmin inkişafında rolunu daha da artırmaq, həmçinin təşəbbüskar, innonativ ideyalara malik gəncliyi bir araya gətirməkdir. O, şuranın 52 nəfər üzvü, 19 nəfər idarə heyəti, ümumilikdə isə 649 üzvünün olduğunu qeyd etdi.

Görüş zamanı Azərbaycanda elm və təhsilin inkişafı sahəsində qrant layihələrin maliyələşdirilməsi, xarici ezamiyyətlərin təşkili və birgə əməkdaşlıq məsələləri müzakirə olundu.

 science.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.