AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları zamanı yeni tələblər müəyyən edilib
Mart 13 , 2015 | 12:32 /
Oxunma ( 2767 )

Gənc alimlərin xarici dilləri, xüsusən ingilis dilini yüksək səviyyədə bilməsi gələcəkdə onların apardıqları elmi tədqiqat işlərinin səviyyəsinə müsbət təsir göstərir. Belə ki, nüfuzlu elmi ədəbiyyatlar, yüksək impakt faktorlu jurnalların böyük əksəriyyəti ingilis dilində nəşr olunur. Bu elmi mənbələrdən lazımi səviyyədə istifadə etmək üçün gənc alimlərin ingilis dilini yüksək səviyyədə bilməsi olduqca vacibdir. Lakin doktoranturaya qəbul zamanı və ya doktorluq imtahanları zamanı iddiaçıların xarici dil üzrə bilik səviyyələrinin tam qiymətləndirilməsi mümkün olmur. Hazırda ingilis dili biliklərinin qiymətləndirilməsi üçün dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda TOEFL və IELTS proqramlarından istifadə olunur.

Akademiyada doktoranturaya qəbul və doktorluq imtahanları zamanı xarici dil biliklərinin müasir səviyyədə qiymətləndirilməsi üçün tələbləri yüksəltmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib. Belə ki, AMEA-nın doktoranturaya qəbul və doktorluq imtahanlarının verilməsi zamanı iddiaçıların ingilis dili biliklərinin qiymətləndirilməsi üçün yeni tələblər müəyyən edilib. Bundan sonra doktoranturaya qəbul zamanı iddiaçı TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6,5 bal toplaması barədə sertifikat təqdim etməlidir. Doktorluq imtahanları zamanı isə iddiaçıdan TOEFL üzrə ən azı 100 bal və ya IELTS üzrə ən azı 7 bal toplaması barədə sertifikat tələb olunacaq. Bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə tapşırılıb. Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edilib.

science.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.