Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurası paytaxtda elmin təbliğini davam etdirir
Mart 13 , 2015 | 06:27 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2541 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının keçən il start verdiyi qeyri-ənənəvi layihələrdən biri də “Bugünün şagirdi və sabahın alimi” idi. Bu layihə çərçivəsində gənc tədqiqatçılar tərəfindən şagirdlərə mini eksperimental tədqiqatlar təqdim olunurdu. Belə təqdimatın digər adı “Əyləncəli elm”dir. Layihə ilə əlaqədar Gənc Alim və Mütəxəssislər Şurası artıq Şamaxı, Xaçmaz və s. rayonlarda yerləşən orta məktəblərdə maarifləndirici təqdimatlar etmişlər.

13 mart tarixində Şura növbəti təqdimatını Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Əliheydər Kazımov adına tam orta məktəbində keçirdi.

Orta məktəbin çoxsaylı şagirdlərinin iştirak etdiyi tədbirdə ilk çıxış edən məktəbin direktoru Azər Ələkbərov Şura tərəfindən irəli sürülən təşəbbüsün bugünkü aktuallığından, respublikada əsas elmi qurum kimi AMEA-nın elmin təbliği məsələsinə orta məktəb səviyyəsində yanaşmasından danşaraq qeyd etdi ki, bu təşviqata gənc alimlərin cəlb olunması düşünülmüş strategiyanın bariz təzahürü olmaqla yanaşı, həm də gələcək alimlərin stimullaşdırılmasında çox həssas bir addımdır.

Daha sonra çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov analoji layihənin keçən il digər orta məktəblərdə də həyata keçirildiyini bildirməklə, elmin əyləncəli formada nümayişinin bu günün şagirdləri və gələcəyin alimlərində müəyyən düşündürücü təəssüratların yaratdığını da xüsusi qeyd etdi. O, həmçinin çıxışında son zamanlar yaş və maraq baxımından, elmi təqdimatın bu formasının dünyada xüsusi populyarlıq qazanması haqqında geniş danışdı. Sədr əsas hədəflərinə gələcəkdə bu layihənin daha da genişləndirilməsi və ölkənin ən ucqar nöqtələrində yerləşən orta məktəblərdə gerçəkləşdirilməsinin daxil olduğunu da vurğuladı.

Növbəti çıxış edən AMEA Aşqarlar Kimyası İnstitutunun AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev belə layihələrin həyata keçirilməsində əsas məqsədin şagirdlərdə ilkin dünyagörüşünün formalaşdırılması, onlarda elmə marağının artırılması və AMEA üçün gələcək perspektivli kadrların yetişdirilməsindən ibarət olduğunu dedi.

Sonda AMEA Kataliz və Qeyri-üzvi Kimya və Fizika İnstitutunun gəncləri tərəfindən məktəblilərə müxtəlif nömrələrdən ibarət elmi şoular təqdim olundu. Nümayiş olunan elmi şoular şagirdlər tərəfindən maraqla qarşılandı. Sonda gənc alimlər mini ekperimentlərlə bağlı məktəblilərin çoxsaylı suallarını da cavablandırdılar.  

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.