Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Qubada anım tədbiri keçirdi
Apr 02 , 2015 | 11:24 /
Oxunma ( 4783 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri  Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ənəvi anım tədbirini keçiriblər.

Tədbir çərçivəsində,  gənclər ilk olaraq və ərazidəki kütləvi məzarlığı  və "Quba Soyqırımı Memorial Kompleksi"ni ziyarət ediblər. Ziyarətçilərə məzarlıq və Memioral Kompleksin tarixi haqqında geniş məlumat verilib. Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Kompleksin xatirə kitabına ürək sözlərini yazıblar.

Şura üzvləri Heydər Əliyevin Quba şəhərində yerləşən abidesinə gül qoyduqdan sonra yerli gənclərlə birlikdə Heydər Əliyev Mərkəzində soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirini keçiriblər. Tədbiri giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, XX əsrin ən faciəli soyqırımlarından biri kimi tariximizə həkk olunmuş "31 mart - Azərbaycanlıların Soyqırımı Günü" miqyası və coğrafiyasına görə bu faciələrin içində ən amansızıdır və ziyarət etdiyimiz məzarlıq soydaşlarımızın başına gətirilən müsibətin əyani təzahürüdür. “Məzarlıqda gördüklərimiz bir əsrlik sirri özündə gizlədən tarixi həqiqətimizdir. Quba, eləcə də digər qəzalarda qeydə alınan hadisələr ermənilərin xalqımıza qarşı bəslədikləri tarixi nifrətdən xəbər verir. Həmçinin bu onu göstərir ki, ermənilərin iddiası təkcə Qarabağ torpaqlarımızın işğalı ilə bağlı deyil. Bu mənfur bir niyyətin silsilə davamıdır”. Sədr nitqinin davamında 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında imzaladığı Sərəncamın bu tarixi hadisənin geniş ictimailəşdirilməsində bir dönüş nöqtəsi olduğunu vurğulayıb. Bu tarixi Sərəncam, eyni zamanda qanlı cinayətlərin dünya ictimaiyyətinə çatdırması, gələcək nəsillərin milli yaddaşının formalaşdırılması və  qorunması kimi vacib məqsədləri özündə birləşdirir.  "Düşünürəm ki, gənclər olaraq bizlər də bu məqsədə çatmaqda öz bacarıq və enerjimizi birgə səfərbər etməliyik. Bunun üçün təbliğatın yeni mexanizmləri haqqında düşünməliyik. Bu bizim indiki Azərbaycan uğrunda o vaxtlar şəhid olmuş qəhrəmanlarımız qarşısında mənəvi borcumuzdur".

 Quba rayon Gənclər Mərkəzinin rəhbəri Rəşxəndə Bayramova Şura üzvlərinin növbəti dəfə Qubada anım tədbirini keçirməsinin təqdirəlayiq hal olduğunu bildirmişdir. "Bu hadisə ilə bağlı tarixi faktların mütəxəssislər tərəfindən araşdırılması və nəticələrinin yerli gənclərlə birlikdə müzakirəsi yetişməkdə olan nəslin milli-mənəvi təffəkürünün formalaşdırılması və istiqamətləndirilməsində mühüm rol oynayacaqdır".

Tədbirin davamında AMEA Tarix İnstitutunun elmi iscisi Cəfərova Rəisə,  Azərbaycan Müəllimlər İnstitutunun Quba Filialının direktor müavini Şeydayeva Aysel, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Kərimova Səbinə və Quba şəhəri 7 saylı orta məktəbin müəllimi Murtuzov Anar soyqırımla bağlı müxtəlif mövzulara dair çixişlar ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.